Azərbaycanın müdafiəsi, ərazi bötüvlüyünün qorunması, suverenliyinin bərpa olunması zamanı şəhidlik zirvəsinə ucalmış Məmmədəliyev Saday Rza oğlu və Əliyev Əli Ədib oğlunun doğum günü ilə əlaqədar dəfn olunduqları Darkənd və Dəstə kəndlərində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə müavini, İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən qurumların nümayəndələri, Dəstə və Aza kəndlərinin məktəb kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və kənd ictimaiyyəti iştirak ediblər. Şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb. Şəhidlərimizin ruhlarına dualar oxunub, çıxışlar dinlənilib. Məktəblilər tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Çıxışlarda Azərbaycanın çoxəsrlik tarixinin ən parlaq Zəfəri olan 44 günlük Vətən müharibəsindən, Antiterror əməliyyatından bəhs olunub. Xalq, ordu və dövlət birliyinin vəhdəti ilə qazanılmış şanlı Zəfəri Azərbaycan xalqına yaşadan Ali Baş Komandana minnətdarlıq olunub, şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib.