Ordubad rayonunun Dırnıs kəndində şəhidin xatirəsi yad edilib

 18 may 1992-ci il tarixdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan Həsənov Fariz Sabir oğlunun doğum günü ilə əlaqədar Dırnıs kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Sosial Xidmətlər Agentliyinin, Dırnıs kəndində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, Dırnıs kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlər Xiyabanında keçirilən tədbirdə ərazi bütövlüyümüz uğrunda canlarından keçən Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.

  Çıxışlarda müstəqilliyimizin qorunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulanıb. Şəhidimizin həyat və döyüş yolu barədə məlumat verilib.   

      Çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğının nümunəsi olan bu tədbirlərin keçirilməsinə, şəhidlərin xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlıq ediblər. 

      Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.