Ordubad rayonunun Gilançay kəndində vətəndaşlarla səyyar qəbul keçirildi

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti dəfə Gilançay kəndinin sakinləri ilə səyyar qəbul keçirib. Kənd mərkəzində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə vətəndaşların müraciət və təklifləri dinlənilib. 

İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilk növbədə Naxçıvan Muxtar Respublikada yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institununun müasir idarəçilikdə əhəmiyyətindən, vətəndaş-məmur münasibətlərinin daha sıx müstəvidə qurulmasında, vətəndaşların problemlərinin həllinə obyektiv və operativ yanaşılmasında rolundan bəhs edib. Həmçinin muxtar respublikanın hərtərəfli inkişafına istiqamətlənən, müasir dövrün tələblərinə, vətəndaşların gözləntilərinə uyğun olaraq qəbul edilən “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verib. Tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatından sonra yaranan yeni reallıqlardan irəli gələrək Azərbaycanın dünya müstəvisində nüfüzunun güngəgün artdığını bildirib. Eyni zamanda, cənab Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamına toxunaraq, verilən Sərəncamın rayonumuz üçün xüsusi önəm kəsb etdiyini, Ordubada olan yüksək qayğının ifadəsi olduğunu vurğulayıb. Məlumat verib ki, Ordubadın bütün sahələr üzrə inkişafına zəmin yaradan xüsusi layihələr həyata keçiriləcək ki, Zəngəzur dəhlizinin də tezliklə reallaşması Ordubad rayonunun təkcə ölkəmiz üçün deyil, eyni zamanda fəaliyyəti bərpa olunacaq tarixi ipək yolunun üzərində yerləşməsi region üçün də önəmini daha da artıracaqdır.    

Görüş zamanı kənd sakinləri sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi, içməli və suvarma suyu təminatının yaxşılaşdırılması, elektrik, yol və digər  sahələrdə yarana biləcək problemlərinin həlli, qarşılaşdıqları çətinliklərinin aradan qaldırılması istiqamətində müraciət və təkliflərini səsləndiriblər. Mövcud problemlərinin həlli ilə bağlı icra hakimiyyətinin məsul əməkdaşlarına, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

      Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya, onların problemlərinin həllinə yerlərdə belə həssaslıqla yanaşılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.