Vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur münasibətlərinin daha sıx müstəvidə qurulması, onları narahat edən məsələlərə həssaslıqla yanaşılması, təklif və müraciətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən kənd və qəsəbələrdə də səyyar qəbullar davam etdirilir. İcra başçısı növbəti səyyar qəbulu Xanağa kəndində keçirib. İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə keçirilən qəbulda Xanağa kəndi ilə yanaşı, eyni nümayəndəliyi əhatə edən Ağrı və Dizə kəndlərinin sakinlərinin də müraciət və təklifləri dinlənilib.
İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilk növbədə 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkiləri, bu seçkilərdə xalqın böyük etimadını qazanmaqla yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin təntənəli andiçmə mərasimindən, həmin mərasimdə cənab prezident tərəfindən Azərbaycan xalqı və beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edən çıxışından ətraflı bəhs edib. Bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən seçkilər Zəfər seçkisi olaraq tarixə düşüb və bu seçkilər xalqın öz liderinə olan sevgisinin nümayişi ilə uğurla başa çatıb. 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatı ilə ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa edən xalqımız öz layiqli namizədini seçməklə bir daha dünyaya birliyini, həmrəyliyini nümayiş etdirdi. Bu qərarla da Azərbaycanda yeni dövrün başlandığını, güclü, demokratik, firavan və hərtərərəfli inkişaf etmiş Azərbaycan uğrunda daim yekdil olacaqlarını göstərdi.
İcra hakimiyyətinin başçısı müasir dövrün tələblərinə uyğun olaraq qəbul edilən “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və bu proqramın Ordubad rayonunu da əhatə edən Təfsilatlı Tədbirlər Planı”ndan, muxtar respublikada, o cümlədən Ordubad rayonunda həyata keçirilən islahatlar, aparılacaq geniş abadlıq-quruculuq işlərindən bəhs edib.
Görüş zamanı kənd sakinləri yaşayış səviyyələrinin yüksəldilməsi, sosial-məişət, həyat şəraitlərinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması, su, elektrik, mavi yanacaq, rabitə, nəqliyyat sahələrində qarşılaşdıqları çətinliklərinin aradan qaldırılması və yarana biləcək digər problemlərinin həlli istiqamətində müraciət və təkliflərlərini səsləndiriblər. Sakinləri narahat edən məsələlərin, təklif və müraciətlərin həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib, vətəndaşlara qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Sonda vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, onların müraciətlərinə yerlərdə baxılmasına, problemlərinin həllinə obyektiv və operativ yanaşılmasına görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.