Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulu Gənzə kəndində keçirib. İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə keçirilən qəbulda Gənzə kəndi ilə yanaşı, eyni nümayəndəliyi əhatə edən Anabad kəndinin sakinlərinin də müraciət və təklifləri dinlənilib.
İcra hakimiyyətinin başçısı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında məlumat vermiş, Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik institutunun yaradılması ilə məmurla vətəndaş arasında qarşılıqlı fəaliyyətin bütün sahələr üzrə rolunun aktivləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, bölgənin sosial-iqtisadi, mədəni inkişafanın sürətləndirilməsi, aparılan tikinti-quruculuq işləri, həyata keçirilən iri miqyaslı layihələrdən bəhs edib. Ordubad şəhərinin baş planlanının hazırlanması işlərinin aparıldığını da vurğulayaraq, bildirib ki, Zəngəzur dəhlizinin də tezliklə açılması Ordubad rayonunda geniş infrastruktur layihələrin həyata keçirilməsinə zəmin yaradacaqdır.
Rəcəb Rəhimli həmçinin, ölkəmizin günü-gündən inkişaf etməsini, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti, əldə olunan müsbət nəticələri həzm edə bilməyən bəzi qərb dairələrinin təəssüflər olsun ki, son günlər öz mövqelərini açıq şəkildə büruzə verməsindən danışıb. Qeyd edib ki, 2024-cü ilin 22 yanvar tarixində AŞPA-nın Təmsilçilər Məclisi Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması barədə məntiqsiz qərar verərək anti-Azərbaycan meyillərini nümayiş etdiriblər. Bu qərəzli münasibətə cavab olaraq Azərbaycan dövləti düzgün qərar verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətdə dayandırıb.
Daha sonra kənd sakinlərinin həyat şəraitlərinin yaxşılaşdırılması, sosial rifah halının yüksəldilməsi, məşğulluq imkanlarının artırılması, su, elektrik, mavi yanacaq, rabitə, nəqliyyat sahələrində vətəndaşlar üçün problem yaradan çətinliklərin aradan qaldırılması və digər məsələlərlə əlaqədar onların birəbir müraciət və təklifləri dinlənilib. Müraciətlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, sadalanan bütün problemlər araşdırılması üçün qeydiyyata alınıb.
Sonda vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, onların müraciətlərinə yerlərdə belə həssaslıqla yanaşılmasına görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.