Ordubad rayonunun Kotam kəndində səyyar qəbul keçirildi

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti dəfə Şəhriyar qəsəbəsi və Kotam kəndinin sakinləri ilə səyyar qəbul keçirib. Kotam kəndində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə qəsəbə, kənd vətəndaşlarının müraciət və təklifləri dinlənilib.

Qəbuldan əvvəl çıxış edən İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilk növbədə müqəddəs Ramazan bayramı münasibətilə vətəndaşları təbrik edib, səmimi arzu və diləklərini çatdırıb.  44 günlük Vətən müharibəsində Azərbaycanın müasir dünya hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi kimi yazılan uğurlu hərbi əməliyyatlarla beynəlxalq səviyyədə tanınan ərazilərimizin azad edilməsindən, həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimizin və konstitusyon hüquqlarımızın tam bərpa olunmasından bəhs edib. Bundan sonra ölkədə və bölgədə yaranan yeni reallıqlardan irəli gələrək Azərbaycanın dünya müstəvisində nüfuzunun günbəgün artdığını, mövqeyinin daha da möhkəmləndiyini bildirib. Eyni zamanda ölkədə yeni idarəçilik modelinin tətbiqinə uyğun olaraq Naxçıvan Muxtar Respublikada yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institununun müasir idarəçilikdə vətəndaşların gözləntilərinə uyğun fəaliyyətindən söz açıb. Həmçinin, muxtar respublikanın hərtərəfli inkişafının təmin edilməsi məqsədilə qəbul edilən “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verib. 21 fevral 2024-cü il tarixdə cənab Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamına toxunaraq, verilən Sərəncamın Ordubadın gələcəkdə sistemli və sürətli inkişafına zəmin yaradacağını bildirib. Bu xüsusda qəbul olunan Dövlət proqramlarına da uyğun olaraq Ordubad şəhərinin baş planının hazırlanması istiqamətində işlərin görüldüyünü, qarşıdakı illərdə rayonda geniş tikinti-quruculuq işlərinin aparılacağını, iri miqyaslı layihələrin həyata keçiriləcəyini, konserv, ipəkçilik müəssisələrinin yenidən qurulacağını, abidələrin, qədim məhəllələrin tarixi çalarları saxlanılmaqla restavrasiyası, hotel tikintisilə turizm imkanlarının da genişləndiriləcəyini bildirib. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə muxtar respublikaya girişin ilk məntəqəsi sayılan Kilit kəndində, eynilə nümayəndəliyin əhatə etdiyi, digər yaşayış məntəqələri olan Şəhriyar qəsəbəsi və Kotam kəndində də infrastrukturun yenilənəcəyini, əhalinin yaşam səviyyəsinin yüksələcəyini vurğulayıb.  

Görüş zamanı vətəndaşlar məşğulluq imkanlarının genişləndirilməsi, suvarma suyu təminatının daha da yaxşılaşdırılması məqsədilə illər əvvəl çəkilən boruların yenilənməsi, kənd və qəsəbə daxili yolların asfaltlanması və digər  sahələrdə yarana biləcək problemlərinin həlli, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində müraciət və təkliflərlərini səsləndiriblər. Mövcud problemlərinin həlli ilə bağlı icra hakimiyyətinin müavinlərinə, şöbə müdirlərinə, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib. 

Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya, onların problemlərinin həllinə yerlərdə belə obyektiv və operativ yanaşılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.