Ordubad rayonunun Nüsnüs kəndində növbəti səyyar qəbul keçirilib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli təqvim planına uyğun olaraq növbəti səyyar qəbulunu 12 iyul 2024-cü il tarixdə Nüsnüs kəndində keçirib. Görüşdə  İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri ilə yanaşı kənd sakinləri də iştirak ediblər. Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması məqsədilə keçirilən fərdi və kollektiv görüşlər rayonun bütün yaşayış məntəqələrini əhatə etməkdədir.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli  12 iyul tarixində Tovuz istiqamətində baş verən döyüşlərin 4-cü ildönümünün tamam olduğunu qeyd edərək qəbul iştirakçılarını Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükuta dəvət edib. Sükutun ardınca çıxışını davam etdirən rayon İcra başçısı Azərbaycanın müasir inkişaf strategiyası və həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri haqqında ümumi məlumat verib. Dövlət başçısı tərəfindən son illərdə yeni və innovativ idarəetmə modelinin tətbiqi nəticəsində Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin funksional özəllikləri, bu institutun modern və keyfiyyətli iş strukturunun formalaşdırılmasındakı rolundan bəhs edilib.  “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə yanaşı  bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında iştirakçılar ətraflı məlumatlandırılıb. Qeyd olunub ki, dövlət strategiyası və proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində yeni obyektlərin istifadəyə verilməsi və yüksəkgəlirli iş yerlərinin yaradılması əhalinin rifah halını daha da yüksəldəcəkdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yeni qərarına əsasən sosial işçi kvotasında artımın nəzərdə tutulduğu, bu artımdan Ordubad rayon sakinlərinin də bəhrələnəcəyi qeyd olunub.

Bu il rayon ərazisində pilot layihə olaraq baramaçılıqla bağlı atılan addımların müsbət nəticə verdiyi, yaxın illərdə bu sahədə  kəmiyyət və keyfiyyət faktorunun eyni ardıcıllıqla daha da artacağı bildirilib. Türk dünyasına açılan nəfəslik rolunu oynayacaq “Zəngəzur dəhlizi” layihəsinin reallaşmasının Ordubad rayonunun inkişaf dinamikasına böyük təsir göstərəcəyi bir daha  vurğulanıb. Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi”nin də artıq təsdiq edildiyi və buna paralel olaraq rayon ərazisində kompleks işlərin həyata keçiriləcəyi nəzərə çatdırılıb.  

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin tapşırığına əsasən şəhid ailələrinin yaşadıqları və digər zərurət tələb edən ərazilərə gedən yolların asfaltlanması ilə yanaşı bu ərazilərdə geniş abadlıq işlərinin getdiyini və görülən işlərin ardıcıl olaraq davam edəcəyini bildirib. Kənd sakinləri ilə görüşdə erkən nikah hallarına qarşı birgə mübarizənin əhəmiyyəti bir daha vurğulanıb, qanunvericilikdə son dəyişikliklərdən sonra yaxın qohum evliliklərinin rəsmən qadağan olunduğu, qanun pozuntusuna yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyi xatırladılıb.

Daha sonra kənd əhalisi ilə ümumi problemlər müzakirə edilib, yağış sularının bəzi şəxsi evlərə yaratdığı zərərin aradan qaldırılması, eləcə də məşğulluq, rabitə və sair problemlər ilə bağlı səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Kənd sakinləri rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.