Ordubad rayonunun Nüsnüs kəndində səyyar vətəndaş qəbulu keçirilib

Ölkənin inkişaf strategiyasının, aparılan çoxşaxəli islahatların, geniş infrastruktur layihələrinin hazırlanması əhalinin rifah halının bütün regionlar üzrə dinamik inkişafının həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra respublikamızda müasir dövrün formalaşması, innovativ idarə sisteminin yaradılması və bu sahədə vətəndaşlarının rolunun artırılması məqsədilə Ordubad rayonunun Nüsnüs kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

Nüsnüs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında keçirilən görüşdə Ordubad Rayon İcra Hakimiyyyəti başçısının müavini və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın yerlərdə icrası vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması, onları narahat edən problemlərin həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi məqsədini daşıyır. Vətəndaş-məmur məmnunluğu  bölgədə tətbiq olunacaq innovativ layihələrin stimullaşdırılmasına zəmin yaradır. Rəcəb Rəhimli qeyd edib ki, Ordubad rayonunun iqtisadi inkişafı, infrastruktur layihələrin tətbiqi sahəsində məhəllələrin abadlaşdırılması, əmək resursları və inkişaf perspektivlərinin dəyərləndirilməsi ölkə başçısının islahat konsepsiyası ilə uyğundaşdırılmaqla aparılır. Rayonun tarixi zənginliyi, rekreasiya komponentləri, aqrar sahənin əlvanlığı, metallurgiya perspektivləri, filiz faydalı qazıntıları, mineralları, flora və faunasının çoxnövlüyü burada iqtisadi inkişafa təkan verəcək və Zəngəzur Dəhlizinin reallığa çevrilməsilə bütün respublika üzrə sosial-iqtisadi töhfədə pay sahibi olacaqdır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması ilə birlikdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının birlikdə fəaliyyətinin tənzimlənməsi əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi sahəsində aparılan çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır. O cümlədən, yeni idarəçilik institutu ümumi Azərbaycan idarəetmə sisteminə inteqrasiya etdirilir və bu sahədə zəruri işlər görülür.

Yerlərdə vətəndaş qəbullarının keçirilməsi Nüsnüs kənd sakinləri tərəfindən məmnunluqla qarşılanıb, sakinlərin müraciət və təkliflər dinlənilib. Vətəndaşların ərizə və şikayətlərinə ciddiliklə yanaşılmasını qeyd edən Rəcəb Rəhimli Ordubad rayonunda bu məsələlərin diqqət mərkəzində saxlanıldığını bildirib. Müvafiq qurumlara müraciətlərlə bağlı tapşırıqlar verilib, digər məsələlər qeydiyyata alınıb, faydalı təkliflərin həyata keçirilməsi üçün işlək mexanizmlər tapılması sahəsində xüsusi tapşırıqlar verilib.