Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulu Qoşadizə kəndində keçirib. Qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq nümayəndəliyin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə Qoşadizə kəndi ilə yanaşı, eyni nümayəndəliyi əhatə edən Kələntər Dizə kəndinin sakinlərinin də müraciət və təklifləri dinlənilib.
Rəcəb Rəhimli çıxışı zamanı 21 fevral 2024-cü il tarixdə Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının mahiyyətindən, rayonumuz üçün əhəmiyyətindən söz açıb, bunun Ordubada göstərilən xüsusi qayğının ifadəsi olduğunu vurğulayıb. Həmçinin “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında kənd sakinlərinə ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycanın hərbi-siyasi yolla işğal faktına tamamilə son qoyması, tarixi ədaləti və ərazi bütövlüyünü təmin etməsi ilə Qalib dövlətin regionda yaratdığı yeni reallıqlardan bəhs edib. Eyni zamanda Azərbaycanın dünya çərçivəsində davamlı olaraq artan nüfuzundan irəli gələrək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi beynalxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsinin önəmini açıqlayıb. Ölkəmizdə, əsasən, muxtar respublikada aparılan tikinti - quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlərdən, hazırda Qoşadizə və Kələntər Dizə kəndlərini də əhatə edən yenidənqurma işlərindən danışıb.
Görüş zamanı kənd sakinləri yaşayış səviyyələrinin yüksəldilməsi, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması, içməli su təminatının yaxşılaşdırılması, internet şəbəkəsi imkanlarının genişləndirilməsi, kəndin yuxarı hissəsində qonşu kəndin ərazisinə gediş-gəliş üçün avtomobil körpüsünün tikintisi, kənddə məktəb, kənd və xidmət mərkəzi binalarının tikintisi və müxtəlif sahələrində qarşılaşdıqları çətinliklərinin aradan qaldırılması üçün müraciət və təkliflərlərini səsləndiriblər. Sakinləri narahat edən məsələlərin, təklif və müraciətlərin həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib, vətəndaşlara qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Sonda vətəndaşlar onların problemlərinin həllinə yerlərdə belə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.