Ordubad rayonunun Tivi kəndində şəhidin xatirəsi yad edilib

     02 iyul 1998-ci il tarixdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı  Fizuli rayonunun Alxanlı kəndi istiqamətində  şəhidlik zirvəsinə ucalan Əliyev Ramin Ənvər oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin,  Təhsil şöbəsinin əməkdaşları, Tivi kəndində fəaliyyət göstərən qurumların nümayəndələri, Tivi kənd tam orta məktəbinin kollektivi, şəhidimizin yaxın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tivi kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. 

     Çıxış edənlər Azərbaycan xalqını tarixi Zəfərə daşıyan, vətənimizin müdafiəsi uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirələrinin hər zaman ehtiramla yad edildiyini vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, həmçinin, şəhidlərin xatirələrinin hər zaman yad edilməsi, onların adının əbədiləşdirilməsi ilə əlaqədar keçirilən bu tədbirlərə və göstərilən ehtirama görə minnətdarlıq ediblər. 

     Tədbirin sonunda məktəblilər tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.