Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən rayon mərkəzi ilə yanaşı kəndlərdə də vətəndaş qəbullarının keçirilməsi davam etdirilir, vətəndaşların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparılır.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulu Vələver kəndində keçirib. Qəbulda Vələver kəndi ilə yanaşı, eyni nümayəndəliyi əhatə edən Başkənd və Qoruqlar kəndlərinin sakinlərinin də müraciət və təklifləri dinlənilib. Vələver kənd mərkəzində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq nümayəndəliyin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Vətəndaş qəbulunda çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilk növbədə 21 fevral 2024-cü il tarixdə cənab Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamından ətraflı bəhs edərək, Sərəncamın rayonumuz üçün əhəmiyyətindən, bununla Ordubad rayonuna nə qədər ali dəyər verilməsindən söz açıb. Həmçinin 44 günlük Vətən müharibəsi, lokal antiterror əməliyyatı ilə yazılan şanlı Zəfərdən sonra ölkədə bütün sahələrdə güclü islahatların həyata keçirildiyini, Azarbaycanın təkcə regionda deyil dünya müstəvisində güngəgün artan nüfuzunu vurğulayıb. Bildirib ki, mühüm islahatlardan biri də vətəndaş-məmur münasibətlərinin daha sıx müstəvidə qurulması, vətəndaşların qarşılaşdıqları problemlərin həlli, idarəçilikdə müasir yanaşmaların tətbiqi üçün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun yaradılması idi. Eyni zamanda muxtar respublikda görüləcək işlərin tələblərə uyğun, planlı şəkildə aparınması məqsədi ilə qəbul olunan “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında kənd sakinlərinə ətraflı məlumat verərək, böyük ruh yüksəkliyi ilə aparılan tikinti-quruculuq, abadlıq, bərpa işlərini, həyata keçirilən infrastruktur layihələri, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirləri sadalayıb.
Qəbulda İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar müxtəlif mövzularda müraciətlərini dinləyib. İcra Hakimiyyətinin müvafiq şöbələrinə, müvafiq qurumlara aid müraciətlərin, mövcud problemlərinin həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Sonda vətəndaşlar muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlardan və yenidənqurma işlərindən məmnun olduqlarını bildiriblər. Cənab Prezident İlham Əliyevə xüsusi olaraq Ordubadla bağlı müvafiq Sərəncama görə də öz təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.