Ordubad rayonunun Xanağa kəndində şəhidin anım tədbiri keçirilib

   25 noyabr 1999-cu il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən düşmənin atəşkəsi pozması nəticəsində Şərur rayonunun Çağazir kəndində şəhidlik zirvəsinə ucalan Sadiqov Ramil Zakir oğlunun xatirəsi yad edilib, anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik Xidmətinin, Xanağa kəndində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, Xanağa kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Xanağa kənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, məzarının üzərinə gül dəstələri düzülüb. Tədbirdə şəhidimiz haqqında iştirakçılara məlumat verilib, çıxışlar dinlənilib, ruhuna dualar oxunub.

   Çıxışlarda ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin qorunması, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin daim ehtiramla yad edildiyi, həmçinin, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.

    Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.