Ordubad şəhərində şəhidin anım tədbiri keçirilib

   17 avqust 1992-ci il tarixdə Xorxat yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Qənbərov Eldar Əsəd oğlunun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini və İcra Hakimiyyətinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin, rayon Təhsil şöbəsinin nümayəndələri, Ordubad şəhər 1 saylı tam orta məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. Məktəblilər tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. 

    Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Həmçinin, Vətən müharibəsində, Antiterror əməliyyatında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, Azərbaycan tarixinin ən parlaq səhifəsinə çevrilən Zəfər tarixindən bəhs olunub. Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman böyük qürur hissi ilə anılacağı qeyd edilib, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb.