17 avqust 1992-ci il tarixdə Xorxat yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Qənbərov Eldar Əsəd oğlu və Musayev Murad Hüseynqulu oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Ordubad şəhər məktəblərinin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda şəhidlərimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Həmçinin, Vətən müharibəsində, Antiterror əməliyyatında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, ölkəmizin ən parlaq səhifələrindən birinə çevrilən Zəfər tarixindən bəhs olunub. Şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb. Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman böyük qürur hissi ilə anılacağı qeyd edilib.
Məktəblilər tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.