20-ci əsrin əvvəllərində Azərbaycan ərazisində xüsusi vəhşiliklər törədən erməni quldur dəstələrinə qarşı mübarizədə Anadoludan köməyə gələn türk soydaşlarımızın qəhrəmanlığı xalqımızın qəlbində daim minnətdarlıq hissi ilə yad edilir. Bütün Azərbaycan ərazisində, xüsusilə də Zəngəzur, Qarabağ və Naxçıvan ərazilərində Erməni silahlı birləşmələrinə qarşı ümumi mübarizədə minlərlə türk əsgəri şəhid və qazi ünvanını əldə edib. Bir əsrə yaxın müddət ərzində şəhid türk əsgərlərinin məzarları dövrün bütün siyasi təhlükə və çətinliklərinə baxmayaraq xalqımız tərəfindən qorunaraq saxlanılıb, müqəddəs məkan kimi mühafizə olunub.
Hal-hazırda Azərbaycan dövləti tərəfindən türk şəhid abidə və məzarlıqlarına xüsusi diqqət göstərilir, şəhidlik ərazilərində müntəzəm olaraq abadlıq işləri görülür. Qeyd edək ki, Ordubad rayonu da türk əsgərinin qəhrəmanlıq göstərdiyi və uğruna şəhid verdiyi ərazilərdən sayılır. Rayonun Dırnıs, Yuxarı Əylis, Kələntər Dizə kəndlərində, eləcə də Ordubad şəhərində türk şəhid məzarlıq və abidələri əsaslı bərpa olunmuşdur. Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad şəhərində yerləşən tarixi Malik İbrahim qəbiristanlığında dəfn olunan şəhidin məzarı üzərində son günlər aparılan bərpa işləri yekunlaşıb. Artıq hər iki dövlətin müqəddəs bayrağı şəhid məzarı üzərində birgə dalğalanmaqdadır. Əminliklə demək olar ki, şanlı türk əsgərinin əziz xatirəsi əbədi olaraq yaddaşlarda qalacaqdır.