Noyabr ayının 7-də Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunan “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda tədbir keçirilib.
Rayon rəhbərliyi, idarə və müəssisələrin kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, gənclər, hərbi hissənin zabit və əsgərləri əllərində gül-çiçək dəstələri Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılan büstünü ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Sonra Ordubad şəhərindəki Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən oğullarının məzarları üzərinə gül dəstələri düzülüb.
Mədəniyyət Sarayında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti möhkəmləndirilib, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücum əməliyyatına başlanması tapşırığı verilib. Azərbaycan xalqı 30 ilə yaxın bir müddət ərzində Müzəffər Ali Baş Komandanın bu əmrini gözləyirdi. Məhz buna görə də müharibə dövründə hakimiyyət-xalq-ordu birliyi özünü daha qabarıq şəkildə göstərdi, on minlərlə insan orduya könüllü kimi yazıldı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu – işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək torpaqlarımızı işğaldan azad etdi.
Rəcəb Rəhimli qeyd edib ki, bu il sentyabrın 19-da ordumuzun apardığı lokal antiterror əməliyyatları da uğurla nəticələndi və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Bu, bir daha göstərdi ki, Prezident İlham Əliyevin də dediyi kimi dəmir yumruq yerindədir və revanşizm siyasəti yürüdən hər hansı bir təxribat xarakterli proseslərdə o yumruq düşməni 24 saat tamam olmadan məhv edə bilər.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix elmləri doktoru Emin Şıxəliyev bildirib ki, 30 ilə yaxın bir müddətdə beynəlxalq təşkilatların və dünyanını aparıcı dövlətlərinin edə bilmədiyini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və yenilməz Azərbaycan Ordusu, qəhrəman oğullarımız cəmi 44 gün davam edən Vətən müharibəsində etdi, öz gücünü bütün dünyaya göstərdi.
Ordubad Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə çıxışında vurğulayıb ki, bu sevincli günləri yaşadığımıza görə Prezident, Müzəffər Ali Baş Komandana, qalib Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borcluyuq. Fərrux Nağızadə özünün qələmə aldığı “Yaşa, Ali Baş Komandanım!” şeirini oxuyub.
Sonda rayon Mədəniyyət İdarəsinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olunub.