Ordubadda aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrin müəyyən edilərək onların sosial müdafiə tədbirlərinə cəlb edilməsi mövzusunda tədbir keçirilib

İyunun 4-də Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrin müəyyən edilərək onların sosial müdafiə tədbirlərinə cəlb edilməsi, eyni zamanda vətəndaşların özünəməşğulluq proqramının icrası çərçivəsində fərdi təsərrüfatlarının yaradılmasına dəstək göstərilməsi mövzusunda tədbir keçirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan ailələrin müəyyən olunaraq onların sosial müdafiə tədbirlərinə cəlb edilməsi, vətəndaşların özünüməşğulluq proqramına qoşulması, fərdi təsərrüfatların yaradılması və aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramlarına yönləndirilməsi məsələlərinin müzakirəsi olub.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elçin Hüseynov,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələri – Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişət şəraitinin müayinəsi departamentinin müdiri Asim Rəhimov, həmin departamentin Maddi-məişət şəraitinin müayinəsi şöbəsinin müdiri Sahil Qurbanov, Nazirliyin aparatının Əmək və məşğulluq siyasəti şöbəsinin Əmək siyasəti sektorunun baş məsləhətçisi Natiq Şərifov, eləcə də Dövlət Məşğulluq Agentliyinin Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsinin aparıcı məsləhətçisi Fuad Səfarov mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəyə cəlb olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, mövcud proqramlar, o cümlədən özünüməşğulluq layihələri və ünvanlı dövlət sosial yardımı mexanizmləri haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, təklif və mülahizələr dinlənilib.