Ordubad rayonunda erkən və qohum nikahların cəmiyyətə, ailəyə və fərdlərə vurduğu mənfi təsirlərin izah olunması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbir Ordubad şəhər İnternat tam orta məktəbində baş tutub.
Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən maarifləndirici görüşdə müvafiq yaş qrupuna aid məktəblilər iştirak ediblər. Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları Abbas Məmmədli və Qiymət Hacıyeva, eləcə də Ordubad şəhər İnternat tam orta məktəbinin direktoru Məzahir Xəlilov mövzu ətrafında çıxışlar edərək erkən və qohum nikahların ailə institutuna, gənclərin təhsil imkanlarına və sağlamlıqlarına yaratdığı təhlükələrdən danışıblar. Qeyd olunub ki, bu cür nikahlar həm hüquqi, həm də tibbi baxımdan ciddi fəsadlara səbəb olur. Həmçinin ailələrin və təhsil müəssisələrinin bu sahədə birgə fəaliyyət göstərməsinin vacibliyi xüsusi vurğulanıb.
Maarifləndirici tədbirin əsas məqsədi erkən və qohum nikahların qarşısının alınması istiqamətində cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsinə töhfə vermək olub.
Tədbirin sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, suallar cavablandırılıb.