Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə olaraq keçirilən Peşələr Festivalı bu il ilk dəfə olaraq noyabr ayının 9-da Ordubad şəhərində keçirilib və böyük marağa səbəb olub. Ordubadda ilk dəfə olaraq belə bir tədbirin keçirilməsi yüksək qiymətləndirilib. Festivalda dövlət və özəl qurumların nümayəndələri, işəgötürənlər, yeniyetmələr, tələbə və gənclər iştirak ediblər.
“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən festivalda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov çıxış ediblər. Çıxışlarda Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, sosial təminat sahəsində də həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, gənclərin düzgün peşələrə istiqamətləndirilməsində və gələcəyin peşələri ilə tanış olmasında festivalın mühüm rol oynadığı qeyd edilib.
Sonra tədbir iştirakçıları təqdim olunan peşələrin stendləri ilə tanış olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər. Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqlarının təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.
Qeyd edək ki, bu dəfə ölkənin 10 rayon və şəhərində keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edib və peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.
Həmçinin festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümlü məsləhət xidmətlərinin göstərilməsi təmin edilib, onlara xidmətlər haqqındab məlumat verilib.