Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulu Unus kəndində keçirib. İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndlərin icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən qəbulda Unus kəndi ilə yanaşı, eyni nümayəndəliyi əhatə edən Pəzməri və qonşu Kələki kəndinin sakinlərinin də müraciətləri və təklifləri dinlənilib.
İcra Hakimiyyətinin başçısı çıxışı zamanı növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərancamını diqqətə çatdırmışdır. Sonra 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və bir günlük lokal antiterror tədbirlərinin uğurlu nəticələrindən və Naxçıvan Muxtar Respublikasında yaradılan Səlahiyyətli Nümayəndəlik institutunun önəmindən söz açmışdır. Həmçinin muxtar respublikanın hərtərəfli inkişafına istiqamətlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın uğurlu icrasına başlanılmasından bəhs etmişdir.
Vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikasının şəhərlərinin baş planları hazırlanır. Proqramın icrasına uyğun olaraq Ordubad şəhərinin də baş planının hazırlanması istiqamətində işlər görülür. Ordubad rayonunda ipəkçilik fabrikinin, konserv zavodunun açılması, otellərin tikilməsi və.s iri miqyaslı layihələrin həyata keçirilməsi planlaşdırılır. Əmin olun ki, Zəngəzur dəhlizinin də açılması Naxçıvan Muxtar Respublikasının daha da sürətli inkişafına rəvac verəcəkdir.
Daha sonra İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kənd sakinlərinin məişət şəraitlərinin yaxşılaşdırılması, sosial rifah halının yüksəldilməsi, məşğulluq, komunal, nəqliyyat sahələrində vətəndaşların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və digər məsələlərlə əlaqədar müxtəlif mövzularda müraciətlərini dinləyib. Müraciətlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib, araşdırılması üçün qeydiyyata alınıb. Vətəndaşlar muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlardan və yenidənqurma işlərindən məmnun olduqlarını ifadə ediblər.