25 fevral 2017-ci il tarixdə Xocavənd rayonu ərazisində xüsusi kəşfiyyat xarakterli tapşırığı yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Haşımlı Tural Əbdül oğlunun il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə müavini, icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Sosial Xidmətlər Agentliyinin, rayon Təhsil şöbəsinin nümayəndələri, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin kollektivi, şəhidin ailə üzvləri iştirak edib. Ordubad şəhərində Şəhidlər Xiyabanı ziyarət olunub, məzarların üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. Məktəblilər tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Çıxışlarda tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən bəhs olunub. Şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağı vurğulanıb.