44 günlük Vətən müharibəsində ölkəmizin müdafiəsi, ərazi bütövlüyünün qorunması, suverenliyinin bərpa olunması uğrunda şəhidlik zirvəsinə ucalan Abdullayev İntiqam Allahverdi oğlunun il dönümü ilə əlaqədar Düylün kəndində anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə müavini və İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən qurumların nümayəndələri, Düylün və Vələver kəndlərinin məktəb kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları, kənd ictimaiyyəti, əsgər və zabit heyəti iştirak edib. Şəhidimizin məzarı ziyarət olunub, gül dəstələri düzülüb, ruhuna dualar oxunub, iştirakçıların çıxışları dinlənilib. Məktəblilər şəhidimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirib.
Çıxışlarda qeyd olunub ki, anım günlərinin keçirilməsi Şəhid adlarının əbədiləşdirilməsinə, onların xatirəsinin hər zaman yad edilməsinə xidmət edir. Bu da ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən qayğının təzahürüdür. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məişət problemlərinin aradan qaldırılması sahəsində verdiyi Sərəncamlar bu qəbildən olan ailələrə dövlətimizin mənəvi dəstəyini ifadə edir. Şanlı Zəfər tarixini Azərbaycan xalqına yaşadan, vətənimizin müdafiəsi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi vurğulanıb.