Ordubadda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib

 

Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Sarayında “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının tarixi-mənəvi əhəmiyyətini vurğulayaraq bildirib ki, bu çərçivədə ölkəmizdə və muxtar respublikamızda silsilə tədbirlər keçirilir. Bugünkü tədbir də həmin tədbirlərin davamıdır.  

İcra başçısı qeyd edib ki, Azərbaycana rəhbərliyinin birinci və ikinci dövründə Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Dahi şəxsiyyət müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri uzaqgörənliklə müəyyənləşdirib və məharətlə həyata keçirib. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilib və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindəndir.

Rəcəb Rəhimli Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinə böyük inam və etimadın nəhəng neft sazişi olan “Əsrin müqaviləsi”nin imzalanmasında həlledici amilə çevrildiyini vurğulayıb. Qeyd edib ki, 20 sentyabr 1994-cü ildə gerçəkləşən “Əsrin müqaviləsi” dünyanın aparıcı ölkələrindən olan 13 ən məşhur neft şirkətləri ilə imzalanıb və bununla da yeni neft strategiyasının əsası qoyulub. Sonrakı illərdə yeni müqavilələrin imzalanması ölkəmizin iqtisadi qüdrətinin günü-gündən artmasına töhfə verib. Ötən illər ərzində neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi iqtisadiyyatın dinamik inkişafını təmin edib.  

Vurğulanıb ki, 2017-ci ildə “Əsrin müqaviləsi”nin iştirakçısı olan subyektlərlə yeni pay bölgüsü ilə bağlı müqavilə müddətinin 2050-ci ilə qədər uzadılması ölkəmizin gələcək iqtisadi inkişafına təminat verib. Prezident İlham Əliyevin həm ona miras qalan uğurlu daxili və xarici siyasəti davam etdirməsi, Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilini düzgün idarə etməsi, həm də ölkənin müdafiə potensialını artırması nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz təmin olunub, Azərbaycan Ordusu 30 illik işğala son qoyub. Vaxtilə Ümummilli Lider tərəfindən iqtisadi prioritetlərin düzg

ün müəyyən edilməsi, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu siyasətin uğurla davam etdirilməsi Ermənistan üzərində şanlı Qələbəmizi şərtləndirib.        

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında Ümummilli Liderin ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yerini tutmasında müstəsna xidmətlərindən danışıb, müasir tariximizin otuz ildən artıq bir dövrünün dahi şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Akademik bildirib ki, Ulu Öndər respublikaya rəhbərlik etdiyi illərdə fenomen qabiliyyətə və yüksək intellektə malik olan bir görkəmli dövlət xadimi, uca şəxsiyyət, bütün sahələrə dərindən bələd olan rəhbər, uzaqgörən siyasi xadim kimi xalqın böyük sevgisini qazanıb. Elə bu səbəbdəndir ki, Heydər Əliyev fenomeni hələ də dünya ictimai-siyasi fikrinin diqqət mərkəzindədir.

Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq – Mühafizə Veteranları Təşkilatının sədri, rayon ağsaqqalı Fərrux Nağızadə Heydər Əliyevin dövlətçilik təlimində ölkəmizin hərtərəfli inkişafının mühüm yer tutduğunu, bu siyasətin düzgün həyata keçirilməsinin ölkənin gələcək uğurlarının əsasını təşkil etdiyini vurğulayıb. Fərrux Nağızadə tədbirdə müəllifi olduğu “Dalğalanır bayrağım, səslənir himnim mənim” adlı şeirini də bədii qiraət edib.