Fevralın 27-də Ordubad şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib.
Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, muxtar respublikanın dövlət və hökumət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ölkə başçısının 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması münasibətilə təbriklərini çatdırıb, bu sənədi gələcək islahatlar və yeni layihələrin başlanğıcı kimi dəyərləndirib.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə birlikdə ötən il fevralın 9-da Naxçıvanda sahibkarlarla keçirilən görüşü xatırladan Fuad Nəcəfli vurğulayıb ki, həmin görüşdə sahibkarların müraciətləri əsasında Naxçıvanda yerlərdə vergi ödəyiciləri üçün bu cür xidmət mərkəzlərinin qurulmasının vacibliyi diqqətdə saxlanılıb. Ötən il Naxçıvan şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib. Bu gün isə analoji xidmətlər Ordubad və Şərur rayonlarında təşkil olunur.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın artıq ötən ildən icra olunduğunu bildirən səlahiyyətli nümayəndə vurğulayıb ki, bugünkü açılış tədbiri də Dövlət Proqramının icrası ilə birbaşa əlaqədardır. Vergi Ödəyicilərinə Xidmət Mərkəzi bu sahədə işin səmərəliliyini və xidmətin keyfiyyətini daha da artıracaq. Mərkəzin müasir imkanları hesabına vergi ödəyicilərinin müraciətlərinə qısa zamanda reaksiya veriləcək, problemləri yerində həll olunacaq. Bütün bunlar sahibkarlığın inkişafına böyük dəstəkdir. Fuad Nəcəfli belə layihələrin davam etdiriləcəyini deyib, mərkəzin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin açılışının muxtar respublikanın biznes mühitində mühüm hadisə olduğunu bildirib, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılmasına xidmət edəcəyini vurğulayıb. Qeyd edilib ki, hazırda ölkə üzrə müasir standartlara cavab verən 59 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, Ordubad şəhərində ən yeni avadanlıqlarla təchiz edilmiş xidmət mərkəzinin istifadəyə verilməsi ölkə üzrə müasir standartlara cavab verən geniş xidmət mərkəzlərinin daha bir həlqəsi olmaqla sahibkarlara hesabatların göndərilməsində, vergi qanunvericiliyi sahəsində maarifləndirmə prosesində, müxtəlif vergi xidmətlərinin əldə edilməsində böyük dəstək göstərəcək.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının daha da artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması məqsədilə Ordubad şəhərində xidmət mərkəzi sahibkarların və vətəndaşların istifadəsinə verilir. Xidmət mərkəzində 9 mindən artıq vergi ödəyicisinə müvafiq istiqamətlər üzrə bütün xidmətlər təqdim ediləcək və onların vergi məsələlərinin həllinə dəstək göstəriləcək. Muxtar respublikada fəaliyyət göstərən bütün vergi ödəyicilərini əhatə etmək məqsədilə Babək şəhərində də belə bir mərkəzin tikintisinə başlanılıb. Bununla da muxtar respublikada xidmət mərkəzlərinin sayı 4-ə çatdırılacaq. Bütün bunlar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verəcək.
Sonra Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıq olub. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında videorolikə baxıb, buradakı texniki imkanlar və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, xidmətin rəis müavini Anar İbrahimov muxtar respublikada yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı nəticəsində 2023-cü il ərzində əldə edilmiş bəzi göstəricilər barədə təqdimat edib. Qeyd olunub ki, son 1 il ərzində mühüm struktur islahatları aparılıb, Vergi Ödəyicilərinə Xidmət mərkəzlərində fəaliyyətin operativ və səmərəli təşkili üçün bu sahədə fəaliyyət göstərən əməkdaşların sayı 2,4 dəfə artırılıb.
Bildirilib ki, ən yeni avadanlıqlarla təchiz edilmiş müasir dizaynlı xidmət mərkəzi geniş funksiyalara malikdir. Vergi Ödəyicilərinə Xidmət Mərkəzində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması və “ASAN İmza” sertifikatlarının verilməsinə dair xidmətlər göstəriləcək. Burada, həmçinin müraciət edənlər üçün özünəxidmət bölməsi açılıb, onların büdcəyə olan borclarını öyrənmək və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılıb. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzindən əldə edə biləcəklər. Bununla yanaşı, mərkəzdə şəhid ailələri və qazilərin xidmətlərdən rahat yararlanması üçün növbədənkənar xidmət otağı yaradılıb.
Ən son texnoloji yeniliklər, elektron növbə və müasir xidmət avadanlıqları ilə təmin olunan mərkəzə müraciət edən vergi ödəyicilərinə xidmət prosesi əyani şəkildə göstərilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə xatirə hədiyyələri təqdim olunub.