1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Bununla əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Ordubad rayonunda da fevral ayının 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bu məqsədlə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimlinin, deputatların, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, şəhər, qəsəbə və kənd icra nümayəndələrinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Ordubad Rayon Mədəniyyət Sarayında tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Sarayının foyesində təşkil edilən Xocalı faciəsinə həsr olunan sərgiyə baxış keçiriblər.
Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Tarixin izi ilə” sənədli filminə baxış olub.