Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, mədəniyyət və dilə malik türkdilli ölkələri bir araya gətirən mühüm regional əməkdaşlıq platformasıdır. Təşkilatın əsası 2009-cu ildə Naxçıvan müqaviləsi ilə qoyulmuşdur və həmin tarixdən bəri türkdilli ölkələrin əməkdaşlığını gücləndirmək məqsədilə fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatının məqsədi üzv dövlətlər arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı möhkəmləndirməkdir. Bu təşkilat çərçivəsində ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat, ticarət, turizm və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən hesab olunur. Eyni zamanda, TDT üzvləri ortaq türk irsinin qorunması, türkdilli ölkələrin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və ümumilikdə regionda sülh və sabitliyin təmin olunması istiqamətində fəaliyyət göstərir.
Azərbaycan, TDT-nin yaranması və inkişafında əsas aparıcı rol oynamış ölkələrdən biridir. Həm coğrafi, həm də strateji baxımdan mühüm mövqedə yerləşən Azərbaycan, Mərkəzi Asiya ilə Avropanı birləşdirən körpü rolunu oynayır. Bu səbəbdən Azərbaycan, enerji, nəqliyyat və ticarət marşrutlarının şaxələnməsində önəmli yer tutur. Azərbaycan həmçinin TDT-nin beynəlxalq arenada güclənməsinə öz töhfəsini verməkdədir. 2020-ci ildə Qarabağ müharibəsində qələbədən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası Türk dövlətləri arasında həmrəyliyi daha da gücləndirdi. Bu qələbə Türk dünyası üçün qürur mənbəyi oldu və Azərbaycanın regiondakı nüfuzunu artırdı. Bununla yanaşı, Azərbaycan, üzv dövlətlər arasında mədəni və təhsil sahələrində də sıx əməkdaşlıq əlaqələri yaradır. Azərbaycan həm də türkdilli ölkələr arasında ortaq dəyərləri təbliğ edir, mədəni mirasın qorunması və yayılması üçün mühüm addımlar atır.
TDT-nin gələcək perspektivləri arasında üzv dövlətlərin bir çox sahədə qarşılıqlı əlaqələrinin genişləndirilməsi, əsasən, iqtisadi inteqrasiyanın gücləndirilməsi və strateji layihələrin reallaşdırılması xüsusi yer tutur. Azərbaycan, bu kontekstdə Orta Dəhliz layihəsi vasitəsilə Asiya ilə Avropa arasında yük daşımalarının artırılmasında əsas rol oynayır. Bu dəhliz, Şərq-Qərb nəqliyyat marşrutu kimi, üzv dövlətlərin iqtisadi potensialını daha da genişləndirə bilər. Azərbaycanın təşkilatdakı lider rolu və strateji təşəbbüsləri Türk Dövlətləri Təşkilatının güclənməsinə, üzv ölkələr arasında sıx əlaqələrin qurulmasına və regionda sabitliyin möhkəmləndirilməsinə mühüm töhfələr verir.
Prezident İlham Əliyevin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı bu qəbildən xüsusi əhəmiyyət kəsb etmişdir. Ölkə başçısı çıxışında qeyd edib: "Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək
Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.
Dövlət başçısı Qırğızıstan respublikasına səfəri zamanı həmçinin digər türk dövlətlərinin liderləri ilə də görüşlər keçirib. Görüşlərdə ikili və çoxtərəfli əlaqələr müzakirə edilib