
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakının olduğunu bidirib. Qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.
Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Ölkə Prezidenti qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.
Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir. Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim.
Keçən ilin avqustunda mənim Özbəkistana dövlət səfərim oldu, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri etdi. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü.
2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır. Şura artıq qarşılıqlı dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirib. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib.
Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir.
Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb.
Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə - Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır.
Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.
Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir.
Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir.
Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla fəaliyyət göstərir.
Mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Biz ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstəririk. Belə ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub. Bu tədbirlər xalqlarımızın zəngin mədəni irslərini bölüşmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və bir-birinin mənəvi məkanını qarşılıqlı şəkildə zənginləşdirmək istəyini əks etdirir.
Ölkələrimizin regionları arasında əməkdaşlığa xüsusi diqqət yetirilir. İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub. Bu cür regionlararası əlaqələrin fəallaşması xalqların yaxınlaşmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə kömək edir.
Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi mədəni əhəmiyyəti olan obyektlərdir: Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub.
Ölkə Prezidenti Azərbaycan xalqının Ümummilli Lideri, özbək xalqına həmişə böyük sevgi hissləri bəsləyən Heydər Əliyevin xatirəsinə göstərilən ehtiram və həqiqətən qardaşlıq münasibətinə görə Özbəkistan rəhbərliyinə, bütün qardaş xalqa minnətdarlığını bildirib. Qeyd edib ki, bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.