Beynəlxalq və regional siyasi qütbləşmələr fonunda proseslərə praqmatik və konstruktiv yanaşma sərgiləyən ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın inkişafı və qlobal səviyyədə daha da tanıdılması üçün atdığı addımlar təqdirəlayiqdir. Hərbi zəfərlərə paralel olaraq diplomatik arenada həyata keçirilən uğurlu dövlət strategiyası, ölkəmizin imicininin daha da güclənməsinə xidmət etməklə yanaşı əhalinin də sosial rifah şəraitinin daha da layiqli şəkildə təmin olunmasına hesablanıb. Bu ilin sonunda keçiriləcək COP29 tədbiri beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmaqla yanaşı, Azərbaycanın strateji önəminin bariz şəkildə önə çıxmasına səbəb olub.
Dövlət başçısı İlham Əliyevin 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı və səsləndirilən tezislər dünya mediasının nəzərini yenidən bizim regiona yönəldib. Beynəlxalq tədbir dünya ictimaiyyətinin Azərbaycana verdiyi önəmin bir hissəsi olmaqla eyni zamanda məsuliyyət, təşkilatı məsələlər və nəticə üçlüsünə nail olunmasına ciddi yanaşma tələb edir. Beynəlxalq forumda ilk olaraq işğaldan azad edilən əsrarəngiz bölgələrimiz haqqında fikirlərini bölüşən ölkə rəhbəri, Laçın şəhərinin strateji önəmini, yaşıl gələcəyə hesablanmış fəaliyyət planlarında xüsusi yeri olduğunu bir daha bildirib. Haliyədə hərbi və siyasi yollarla azad olunan vətən torpaqlarında əsaslı yenidənqurma işləri həyata keçirildiyi, məcburi köçkünlərin yenidən doğma yurd-yuvalarına dönmələrinə hər cür şərait yaradıldığı vurğulanıb.
Azərbaycan-Avrasiya İqtisadi İttifaqı əlaqələrinə toxunan dövlət başçısı Ermənistan istisna olmaqla ittifaqda təmsil olunan dövlətlər ilə dərin siyasi-iqtisadi əlaqələrin olduğunu qeyd edib. Azərbaycanın sahib olduğu resurs bazası, şaxələndirilmiş iqtisadiyyat, minumum dövlət borcu və zəngin valyuta ehtiyatları dövlətin hər hansı bir sahədə xarici dairələr və ya beynəlxalq təşkilatlardan asılı olmamasına, tam müstəqil siyasət aparmasına gətirib çıxarıb.
Azərbaycan Avropa İttifaqı üzvü olan ölkələr ilə, xüsusən də Almaniya ilə sıx və müştərək iqtisadi əlaqələrə malikdir. Son zamanlar bu əlaqələr daha intensiv xarakter daşıyıb. Fransadan fərqli olaraq Almaniyanın ədalətli və paritet mövqe sərgiləməsi münasibətlərin ruhuna öz müsbət təsirini göstərib. Yaxın günlərdə ölkə Prezidentinin Petersberq Konfransına dəvət olunması ikitərəfli əməkdaşlıq formatının daha da gücləndirilməsinə, biznes imkanlarının yüksək səviyyəyə çatdırılmasına gətirib çıxaracaqdır. Avropanın liderliyə iddialı dövlətlərindən olan İtaliya ilə əlaqələr müstəqillikdən bəri hər zaman artan temp üzrə davam etmiş və bu gün də ikili münasibətlərdə irəliləyiş gözəçarpan səviyyədə görsənməkdədir. Böyük Britaniya Azərbaycanın Avropada ənənəvi müttəfiqlərindən biridir. Qarabağ münaqişəsindən sonrakı yenidənqurma ilə bağlı bu ən mühüm məsələlərdə dövlətimizlə birgə iş fəaliyyəti icra olunub. Azərbaycan Avropa ilə yanaşı Asiyanın nəhəng sənaye ehtiyatlarına malik olan Çin respublikası ilə də əlaqələrin inkişafında maraqlıdır və iki ölkə arasında perspektiv əlaqələrin gücləndirlməsi işləri uğurla aparılır. Rusiya Federasiyası-Azərbaycan əlaqələri dövlət başçıları səviyyəsində daim yüksək səviyyədə qorunub saxlanılır və inkişaf etdirilir. Qarşılıqlı səfərlər əməkdaşlığın spesifikasına müsbət təsirini göstərib.
Suverenliyimizin tam şəkildə bərpa edilməsindən sonra həyata keçirilən məqsədyönlü siyasət nəticəsində müsbət mənada rezonans doğuran hadisələr baş verib. 4 kəndin azad edilməsi haqda əldə edilən razılaşma, sülhməramlıların yerləşdikləri əraziləri heç bir neqativ proseslərin baş vermədiyi şəkildə tərk etməsi, bütün ölkəboyu innovativ və yaşıl siyasətin tətbiq edilməsi inkişafımıza yönələn siyasətin tərkib hissəsdir. Azərbaycan-Ermənistan əlaqələrinin inkişafına və qarşılıqlı etimad mühitinin yaradılmasına COP29-un verəcəyi töhfə danılmazdır. COP29-a qədər iki ölkə arasında hər hansı razılığın olması ehtimalı yüksəkdir. Minlərlə xarici qonağın səfər edəcəyi tədbirin bu müddət ərzində sülh prosesinə verəcəyi imkanlar nəzərdən qaçmamalıdır.
Qarabağ məsələsi ilə bağlı artıq heç bir siyasi güc və ya gözlənilməz situasiya reallığı dəyişmək iqtidarında deyil. Ermənistan tərəfi ambisioz iddialarından əl çəkərək konstruktiv mövqe ortaya qoyarkən müəyyən inkişaf meyillərini görmək olur. Qazaxıstanın siyasi olaraq tərəfləri bir-araya gətirmək cəhdləri Azərbaycan tərəfi üçün məqbul hesab olunur. Qarşı tərəfin də sülh prosesinin gündəliyinə sadiq qalacaq şəkildə hərəkət etməsi normallaşma prosesinə öz töhfəsini verəcəkdir.
Azərbaycanın perspektivdə ekoloji problemlərin nəticələrini aradan qaldırmaqla əlaqədar özfəaliyyət planı mövcuddur. Xəzər dənizində qarşıdakı illərdə ekoloji fəsadların daha da artacağı nəzərə alınmalıdır. Xüsusi önəm verdiyimiz Orta Dəhliz layihəsinin kommunikasiya yollarının keçdiyi bu marşrutun önündə yarana biləcək əngəllər haqqında müntəzəm nəzarət tədbirləri həyata keçirilir. Respublikamızda bütün neft əməliyyatları 1994-cü ildən beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Xarici şirkətlər də bu standartlara müntəzəm riayət edirlər.
4 il ərzində Qoşulmama Hərəkatında sədrlik dövründə Azərbaycan hər zaman çətin problemlərin yaşandığı regionlara diqqət ayırıb, onların sosial-iqtisadi çətinliklərinin aradan qalxması üçün zəruri addımların atılmasına vəsilə olub. Neft və qaz sərvətləri ilə zəngin ölkə kimi tanınan Azərbaycan ölkəyə daxil olan valyuta ehtiyatlarından səmərəli istifadə edərək yaşıl enerji, gəlir gətirən infrastruktur və digər rentabelli layihələrin icrasına nail olub. Mavi yanacaq ehtiyatlarımızın 1 əsrə yaxın müddətdə tükənməz olduğu, təbii bərpa olunan enerji ehtiyatlarımızın isə çox yüksək səviyyədə olması bizə əlavə stimul verir. Qaz istehsalında 20 milyard kubmetrə qədər artımın həyata keçiriləcəyi əsas məqsəd kimi qarşıya qoyulub. Dünya iqtisadiyyatı hələ də qazıntı yanacağına ehtiyacı öz üzərində hiss edir və bu proses hələ uzun illər fərqli templər ilə davam edəcək. Azərbaycanın təbii resurslara yatırdığı yatırımlar ilə bərabər təhsil sahəsinə qoyulan investisiyalar daimi xarakter daşımaqdadır. Hər il yüzlərlə gəncin ölkə xaricində təhsil almağa göndərilməsi dövlətin məqsədli siyasətinin tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin mühüm nəqliyyat qovşağı halına gətirilməsi qarşıya qoyulan prioritet məqsəddir. Zəngəzur nəhəng “Orta Dəhliz”in bir parçası olmaqla yanaşı özündə regionda hərtərəfli inkişafın təməlini qoyan bir layihə olaraq qeyd olunmalıdır. 10 noyabr bəyanatında Azərbaycandan onun eksklavı olan Naxçıvan Muxtar Respublikasına gedən nəqliyyat dəhlizinin təhlükəsizliyinə təminat verən müddəalar əks olunub. Əlavə olaraq iki dövlət arasında delimitasiya və demarkasiya məsələləri ilə bağlı ardıcıl işlər həyata keçirilir. Faktiki olaraq Fransa, Hindistan və Yunanıstan tərəfindən silahlandırılan Ermənistanın nəyəsə nail olmaq şansları yoxdur. Azərbaycan istənilən halda rəqib dövlətə öz xəbərdarlıqlarını diplomatik dil ilə çatdırıb. Gələcəkdə hər hansı təxribat və ya provakasiya aktının aid dövlət və havadarlarına baha başa gələcəyi izah edilib.
Qeyri-neft istehsalının prioritet olması dövlətin əsas məqsədlərindən biri hesab olunur. İqtisadiyyatın diversifikasiyasına yönəlmiş addımlar atılır. Avropa bazarına müəyyən məhdudiyyətlər və kvotaların aradan qaldırılması üçün səylər göstərilir.
Avropa Ittifaqı vizual olaraq siyasi-iqtisadi birlik görüntüsü bağışlasa da, əsasən üzv olan dövlətlərin maraqları din təəssübkeşliyinə əsaslanır və G-20-ə daxil olan və kontinental dominantlığa iddialı Türkiyə dövləti belə yarım əsrə yaxındır ki bu birliyin əsassız bəhanələri gərəkçəsiylə tamhüquqlu üzv ola bilmir. Azərbaycan birliyin bəzi üzvləri ilə əməkdaşlığa önəm verir və ticari əlaqələr saxlayır.
Tam şəkildə müstəqil siyasət yürüdən Azərbaycan son iki ildə baş verən Rusiya-Ukrayna müharibəsində tərəf tutmur, humanitar böhrandan əziyyət çəkən Ukraynaya təqribən 30 milyon avrodan artıq humanitar və maliyyə yardımı çatdıraraq bəzi dağılmış şəhərlərin bərpasında iştirak edib. Ukraynaya münasibətdə bu ölkənin ərazi bütövlüyünə dəstəyimiz, Rusiya ilə münasibətlərdə dostluq və strateji tərəfdaşlığa əsaslanan və müharibədən zərər görülməməsinə hesablanan siyasətimiz var. Dövlətimiz daxildən heç bir potensial təhlükə görmədiyi halda, xaricdən maliyyələşən müəyyən ideoloji dairələrin burda maraqlarını açıq şəkildə hiss edir və buna qarşı tədbirlər görüb. Son illər ərzində quru sərhədlərin qapalı qalması məhz milli təhlükəsizliyə hesablanmış addımdır. BMT-nin 4 qətnaməsinin son 30 ilə yaxın müddətdə icrasının mümkünsüzlüyü qlobal siyasi tərəflərin ikili standartına əyani nümunə idi. Dövlətimiz özü şəxsən bu problemi həll etdi və bu gün dünya ölkələri arasında nəqliyyat və sülh körpüsü olmağa iddialıdır. Azərbaycan təkcə öz daxilində deyil, dünya üzərində ədalətin və hüququn təmin edilməsinin tərəfdarıdır. Fələstin xalqının öz dövlətinə sahib olmaq istəklərinə verdiyimiz dəstək ədalət və bərabərliyə istinad etməyimizin nümunəsidir. İstənilən halda Azərbaycan hər zaman öz milli maraqlarını ön planda tutacaq, daxili və xarici siyasətdə eqalitar prinsiplərin bərqarar olmasına çalışacaqdır.