COP29 tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal miqyasda iqlim dəyişikliyi və ətraf mühitin qorunmasında liderlik rolunu nümayiş etdirir. Bu beynəlxalq tədbirin respublikamızda təşkili ölkəmizin ekoloji dayanıqlılıq, bərpa olunan enerji mənbələri və yaşıl iqtisadiyyat istiqamətində göstərdiyi səylərin dünyada tanındığını göstərir. COP29, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı olaraq, iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm forumdur. Burada yüzlərlə ölkənin hökumət nümayəndələri, ekspertlər, qeyri-hökumət təşkilatları və işgüzar sektor bir araya gəlir, qlobal istiləşmənin azaldılması, karbon emissiyalarının azaldılması və ekoloji inkişafın sürətləndirilməsi yollarını müzakirə edirlər. Azərbaycanın COP29-a ev sahibliyi etməsi bu konfransın regionda əhəmiyyətini artıracaq, qlobal problemlərin həlli üçün daha geniş əməkdaşlığa şərait yaradacaq.
Tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan üçün əhəmiyyətli bir hadisə olmaqla yanaşı, müxtəlif sahələrdə tərəqqinin əldə olunması üçün yeni imkanlar yaradır. COP29 çərçivəsində aparılacaq müzakirələr və razılaşmalar Azərbaycan iqtisadiyyatının yaşıl texnologiyalara keçidini sürətləndirəcək, enerji sektorunda bərpa olunan mənbələrə üstünlük verilməsi istiqamətində addımların daha geniş miqyasda atılmasına təkan verəcəkdir. Bununla yanaşı, ekoloji təşəbbüslərin artırılması və ətraf mühitin mühafizəsi üzrə innovativ texnologiyaların tətbiqi Azərbaycanın davamlı inkişaf məqsədlərinə çatması prosesini gücləndirəcəkdir. Azərbaycanın iqlim dəyişikliyi məsələlərinə həssas yanaşması, öz resurslarından səmərəli istifadə etməklə ekoloji tarazlığı qorumaq səyləri və bərpa olunan enerji mənbələrinə keçidə olan qərarlı mövqeyi ölkəmizi nümunəvi dövlətlər sırasına daxil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu cür təşəbbüslər ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirir, Azərbaycanı qlobal iqlim müzakirələrinin mərkəzinə çevirir. Bu tədbir Azərbaycan xalqının gələcəyinə yönəlmiş dayanıqlı və yaşıl bir dünyanın qurulması istiqamətində atılan əhəmiyyətli addımlardan biri olacaqdır
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı dünyanın tanınmış media orqanlarının diqqət mərkəzində olmuşdur. Dövlət başçısı çıxışında qeyd edib: “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.
Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır”.
Azərbaycanın mədəniyyətlərarası dialoqda fəal rol oynadığını bildirən ölkə Prezidenti cənab İlham Əliyev daha sonra vurğulayıb:” Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”.
Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra bizim hədəfə çevrildiyimizi və bunun qarayaxma kampaniyası olduğunu qeyd edən dövlət başçısı özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girdiyini nəzərə çatdırıb. Prezident İlham Əliyev ardınca qeyd edib: ”Ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar. İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.