28 May – Müstəqillik Günü münasibətilə işğaldan azad olunmuş Laçında keçirilən bayram tədbiri bu il təkcə Azərbaycanın müstəqillik tarixinin əzəmətli səhifəsi deyil, həm də üç qardaş ölkə – Azərbaycan, Türkiyə və Pakistan arasında möhkəmlənən dostluq və strateji ittifaqın parlaq təzahürünə çevrildi. Prezident İlham Əliyevin Laçında səsləndirdiyi məzmunlu və qətiyyətli bəyanatlar təkcə ölkə daxilində deyil, regionda və beynəlxalq arenada mühüm mesaj kimi dəyərləndirilir.
Prezidentin sözləri ilə desək, Azərbaycan, Türkiyə və Pakistan – tarixən dost, bu gün isə əməldə qardaş olan bu üç ölkə, artıq sadəcə xoş münasibətləri bölüşmür, həm də ortaq taleyi, ortaq hədəfləri paylaşırlar. Laçında, Şərqi Zəngəzurun bağrında keçirilən üçtərəfli Zirvə görüşü həm rəmzi, həm siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə belə yüksək səviyyəli görüşün keçirilməsi qardaş ölkələrin həmrəyliyinin, həm də Azərbaycan torpaqlarına göstərdiyi hörmət və dəstəyin canlı sübutudur.
Laçının azadlığı yalnız hərbi zəfər deyil, tarixi ədalətin bərpasıdır. Prezident İlham Əliyev çıxışında ötən əsrdə Azərbaycan xalqına qarşı törədilən ədalətsizlikləri – 1920-ci ildə müstəqilliyin itirilməsi, Qərbi Zəngəzurun qoparılması, Ermənistanın işğalçılıq siyasətini – bir daha diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan xalqı bu haqsızlıqlarla heç vaxt barışmayıb və barışmayacaq. 44 günlük Vətən müharibəsi, ardınca isə 2023-cü ilin antiterror əməliyyatı ilə ölkəmiz yalnız torpaqlarını deyil, suverenliyini də tam bərpa etdi.
Dövlətimizin başçısı tarixi xatırlatmalar fonunda 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın qarşılaşdığı acı gerçəklərə də toxundu. Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Laçının və digər bölgələrin itirilməsi xalqımızın yaddaşında silinməz izlər buraxıb. Bu itkilər Azərbaycanı daha da birləşdirdi, daha da gücləndirdi. Bu gün o dərdlərin yerində isə yenidənqurma, quruculuq, dirçəliş var. Azərbaycanın Qələbəsinin təsadüfi olmadığını vurğulayan Prezident İlham Əliyev bu nailiyyətlərin arxasında dayanan əsas sütunları – güclü iqtisadiyyat, modern ordu, siyasi iradə və vətənpərvərlik ruhunda böyüyən gənc nəslin varlığını önə çəkdi. 44 gün ərzində heç bir geri addım atmayan qəhrəman Azərbaycan Ordusu, xalqın birliyi və liderlik amili bu tarixi zəfəri mümkün etdi.
“Biz qayıtmalıydıq və qayıtmışıq”, – deyən dövlət başçısı, azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərinə də geniş yer ayırdı. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Qubadlı və digər bölgələrdə həyat canlanır – xəstəxanalar, məktəblər, hava limanları, yollar, tunellər salınır, minlərlə insan doğma yurduna qayıdır. Bu bölgəyə həyat, bu bölgəyə əsl sahib qayıdıb.
Prezident İlham Əliyev qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən bu tarixi mərasimi təkcə bayram yox, həm də dünyaya ünvanlanan siyasi, mədəni və mənəvi mesaj kimi təqdim etdi. Səhnədə səslənən mahnılar, verilən bəyanatlar bir daha üç ölkənin mədəni yaxınlığını, strateji birliyini nümayiş etdirir. “Bizim gücümüz birliyimizdədir” – bu, Azərbaycanın dostlarına çağırışı, düşmənlərinə isə xəbərdarlığıdır.
Ölkə rəhbərinin “Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq” sözləri bu çıxışın mahiyyətini, Azərbaycanın gələcək yol xəritəsini dolğun ifadə edir. Bu zəfərin əbədiliyini təmin edən amil isə yalnız keçmişdən alınan dərslər deyil, bu gün möhkəmlənən dostluq, strateji müttəfiqlik, xalqın dövlətə olan sonsuz inamıdır.