Dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" sərnişin təyyarəsi Rusiya hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalaraq idarəetməsini itirmiş və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdır. Nəticədə, göyərtədə olan 67 nəfərdən 38-i həlak olmuş, 29-u isə yaralanmışdır. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və ədalətə sadiqliyini nümayiş etdirərək qətiyyətli mövqe bildirmiş, hadisənin düzgün və şəffaf şəkildə araşdırılmasını, günahkarların tapılıb cəzalandırılmasını, eləcə də zərərçəkənlərə kompensasiya və digər təminatların həyata keçirilməsi zərurətini rəsmi şəkildə bəyan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hadisə günü rəsmi səfərini təxirə salaraq xalq ilə həmrəylik nümayiş etdirmiş, atdığı addımlar ilə Azərbaycan dövlətinin vətəndaşlarının təhlükəsizliyini və milli maraqlarını hər şeydən üstün tutduğunu bir daha göstərmişdir. Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına baş verən son hadisə ilə əlaqədar ətraflı müsahibə verib. Müsahibədə dövlət başçısı dekabrın 25-də Bakı-Qroznı reysi üzrə uçuş həyata keçirən AZAL-a məxsus "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı fikirlərini bölüşüb. Prezident İlham Əliyev hadisə barədə məlumat aldıqdan sonra dərhal operativ tədbirlər gördüyünü, Dövlət Komissiyasının yaradıldığını və müvafiq qurumların nümayəndələrinin hadisə yerinə ezam edildiyini bildirib. Dövlət başçısı təyyarənin Rusiya hava məkanında xarici müdaxilə nəticəsində zədələndiyini və idarəetməni itirdiyini vurğulayıb, həmçinin, Rusiya tərəfinin ilkin olaraq hadisəni ört-basdır etməyə çalışdığını, lakin Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində həqiqətlərin üzə çıxdığını qeyd edib. Dövlət başçısı qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib və ekipaj üzvlərinin peşəkarlığını yüksək qiymətləndirib. O, həmçinin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və qazax xalqına göstərdikləri dəstəyə görə təşəkkür edib.
Ölkə başçısı Azərbaycanın Rusiyadan günahkarların cəzalandırılması və təzminat tələb olunduğunu, bu tələblərin ədalətli və beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib. Eləcə də bəzi Rusiya şəhərlərinə uçuşların təhlükəsizlik səbəbindən dayandırıldığını və bu qərarın sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində qeyd edib: “Faktlar ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.
“Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Qara qutular açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi”
Ona görə də “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik. Mən qəza baş verən gün burada - hava limanında öz çıxışımda söylədim ki, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır”
"Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək”.
“Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi”
“AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi”.
Dövlət başçısı müsahibəsində Rusiya tərəfinin hadisəyə adekvat olaraq həyata keçirməli olduğu addımları da sadalayıb: “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.