Cari ilin 08 oktyabr tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev tanınmış media orqanlarından biri sayılan “Rossiya-1” televiziya kanalına müsahibə verib. Dövlət başçısı çıxışında son proseslərə toxunaraq, Azərbaycana qarşı əsassız ittihamların qəbuledilməz olduğunu vurğulayıb. Prezident İlham Əliyev çıxışında əlavə olaraq bu cümlələri də qeyd edib: “Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Bizim ölkəmizə tətbiq olunan sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”
“Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olunmağa başlandı. Bu nankorluqdur”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibəsi Amerika Birləşmiş Ştatları da daxil olmaqla Azərbaycana qarşı ədalətsiz və çirkin mövqe sərgiləyən, ikili standartlarla çıxış edən digər qərb ölkələrinə də qəti və tutarlı mesaj olmuşdur. Bu onu göstərir ki, ölkəmiz heç bir zaman tutduğu haqq yolundan geri dönməyəcək, heç bir xarici qüvvə bizim qətiyyətimizi qırmağa nail olmayacaqdır.