2025-ci il 9 aprel tarixində ADA Universitetində keçirilmiş “Yeni Dünya Nizamına Doğru” adlı beynəlxalq forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı, yalnız cari geosiyasi proseslərə münasibət deyil, həm də Azərbaycanın gələcək beynəlxalq kursuna dair strateji bir manifest kimi səciyyələndirilə bilər. Prezidentin nitqi müxtəlif coğrafi vektorları, beynəlxalq hüququn gələcək taleyini, qlobal və regional təhlükəsizlik məsələlərini, suverenlik və müstəqillik prinsiplərini əhatə etməklə yanaşı, Azərbaycanın beynəlxalq sistemdə artan rolunu və qlobal çağırışlara reaksiyasını əks etdirdi.
Prezident İlham Əliyev çıxışında hazırkı beynəlxalq nizamın dərin böhran içində olduğunu vurğuladı. O, ABŞ-Rusiya, Qərb-Çin münasibətlərindəki ziddiyyətləri və beynəlxalq təşkilatların zəifləyən təsir gücünü xatırladaraq, dünyada “qaydalar əsasında idarə olunan nizam” anlayışının de-fakto fəaliyyətini itirdiyini qeyd etdi. Beynəlxalq hüququn selektiv tətbiqi, sanksiyaların siyasi alətə çevrilməsi və humanitar müdaxilələrin geosiyasi məqsədlərlə sui-istifadə olunması kimi hallar müasir dövrün reallığı kimi təqdim olundu.
Dövlət başçısı çıxışının əsas hissəsini Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsinə həsr etdi. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində suverenliyin tam bərpa olunması Azərbaycanın milli tarixində yeni bir mərhələnin başlanğıcı kimi diqqətə çatdırıldı. Ölkə rəhbəri qeyd etdi ki, bu proses yalnız hərbi uğur deyil, həm də beynəlxalq hüququn bərpasıdır. Bu kontekstdə ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və işğal dövründə münaqişəni dondurmaqla status-kvonu qorumağa yönəlmiş yanaşması tənqid olundu. Prezident İlham Əliyev bildirdi ki, Minsk Qrupu artıq tarixə qovuşub və Azərbaycan bu formatın iflas etdiyini faktiki olaraq sübut etdi.
Ermənistanla sülh danışıqları məsələsində də dövlətimizin başçısı konkret və prinsipial mövqe ortaya qoydu. Ermənistanın konstitusiyasında əks olunan Azərbaycana qarşı ərazi iddiaları, revanşist yanaşmalar və bəzi beynəlxalq tərəfdaşların bu qeyri-konstruktiv mövqeyə verdiyi dəstək Azərbaycanın sülh prosesinə olan inamını zəiflədir. Prezident bəyan etdi ki, Ermənistan reallıqları qəbul etmədikcə, bölgədə davamlı və ədalətli sülhdən danışmaq mümkün deyil.
Azərbaycan-Türkiyə əlaqələri Prezidentin çıxışında strateji müttəfiqlik nümunəsi kimi təqdim olundu. 2021-ci il Şuşa Bəyannaməsi ilə hüquqi əsas qazanmış bu tərəfdaşlıq regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda İsraillə qurulan və inkişaf etdirilən əlaqələr, xüsusilə texnologiya, kəşfiyyat və enerji sahəsində əməkdaşlıq, Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasətinin bariz nümunəsidir.
Azərbaycanın beynəlxalq təhlükəsizlik müstəvisindəki rolu Prezident İlham Əliyevin çıxışında sülhməramlı fəaliyyət nümunələri ilə əsaslandırıldı. Ölkəmizin NATO çərçivəsində İraq və Əfqanıstanda yerinə yetirdiyi missiyalar, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmasına səbəb olmuşdur. Prezident İlham Əliyev Qərbin, o cümlədən bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlar nümayiş etdirməsini də açıq şəkildə tənqid etdi. Azərbaycanın ABŞ ilə münasibətlərin qarşılıqlı hörmət və maraqlar çərçivəsində inkişaf etdirilməsinin tərəfdarı olduğunu nümayiş etdirən Prezident bildirdi ki, Azərbaycan öz daxili siyasətində heç bir xarici təzyiqə güzəştə getməyəcək.
Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti və sədrliyi dövründə ortaya qoyduğu təşəbbüskar və prinsipial mövqe ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı. Prezident İlham Əliyev Afrika ilə əlaqələrin genişləndirilməsini prioritetlərdən biri kimi təqdim etdi və Azərbaycanın qlobal Cənub ölkələri ilə həmrəylik prinsipinə sadiqliyini bildirdi.
Dövlətimizin COP29-a ev sahibliyi etməsi, ölkənin qlobal ekoloji nizamda fəal iştirakını təsdiq edir. Prezident çıxışında yaşıl enerji sahəsində atılan addımlardan, xüsusilə külək və günəş enerjisi üzrə investisiyalardan, beynəlxalq tərəfdaşlıqlardan bəhs etdi. Qeyd olundu ki, bu təşəbbüslər Azərbaycanın enerji keçid strategiyasını nümayiş etdirir. Həmçinin Azərbaycanın qaz sənayesindəki rolu Prezident İlham Əliyevin çıxışında Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi nəzərə çatdırıldı. Xüsusilə Cənub Qaz Dəhlizi və yeni bazarlara çıxış imkanları ilə bağlı planlar Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır.
Türk Dövlətləri Təşkilatında Azərbaycanın artan rolu, türk dünyası ilə strateji, mədəni və iqtisadi əlaqələrin dərinləşdirilməsi ölkə rəhbərinin çıxışında xüsusi vurğulandı. Bu, Azərbaycanın mədəni kimliyinin regional siyasətdəki önəmli yeri ilə əlaqələndirildi. Cənub qonşumuz İranla münasibətlərdə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və sərhəd təhlükəsizliyi əsas prinsiplər kimi təqdim olundu. Gürcüstanla isə enerji və nəqliyyat sahəsində strateji tərəfdaşlığın davamlı şəkildə inkişaf etdirildiyi bildirildi. Eləcə də Azərbaycanın Çinlə iqtisadi əməkdaşlığı, Orta Dəhliz layihəsindəki rolu və "Bir Kəmər – Bir Yol" təşəbbüsündə fəallığı ölkəmizin Asiya-Avropa ticarətindəki mövqeyini gücləndirən əsas faktorlar kimi qeyd edildi. Prezident İlham Əliyev Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrinin inkişaf etdirilməsinə dair açıq mesaj verdi. Bu yanaşma Azərbaycanın türk dünyasında liderliyinin daha da möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətləri qarşılıqlı maraqlara söykənən və praqmatik əməkdaşlıq nümunəsi kimi təqdim etdi. Bununla yanaşı, Avropa Şurası ilə yaşanan fikir ayrılıqları və bu təşkilatın qərəzli yanaşmaları açıq şəkildə tənqid edildi. Çıxış zamanı Azərbaycanın İslam dünyasında tolerantlıq, multikulturalizm və dinlərarası dialoq modeli ilə tanındığı və bu modelin dünya tərəfindən təqdir olunduğu qeyd edildi. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəki fəallıq və həmrəylik təşəbbüsləri Azərbaycanın nüfuzunu artırmaqdadır.
Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeni yerini və əhəmiyyətini ortaya qoyan mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Azərbaycan artıq regional aktor olmaqdan çıxaraq, qlobal reallıqları formalaşdıran, təşəbbüskar, suveren və prinsipial dövlət kimi çıxış edir.