Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 yanvar tarixində yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibədə son 20 ilin xronologiyasına toxunaraq 2003-cü ildə xalqın verdiyi müdrik qərarın bügünkü tarixdə dövlətçiliyin inkişaf yoluna bir güzgü tutduğunu bəyan edərək vaxtında edilən düzgün seçimin ölkəmizi və xalqımızı gələcək təhlükələrdən sığortaladığını da qeyd etmiş oldu.
Ölkə başçısının müsahibəsində də vurğuladığı kimi, müasir və çağdaş tariximizin yeni dövrü sentyabrın 20-də ölkənin suverenliyinin bərpa olunmasından sonra başlayır. Məhz sentyabr ayına gedən uzun və məqsədli yol bütün maneələrə baxmayaraq haqq və ədalətin təntənəsi ilə yekunlaşdı. Müasir zamanda ədalətin və beynəlxalq hüququn təmin olunmasının yolu isə güclü və qüdrətli bir dövlət olmaqdan keçir. 30 il ərzində BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların icra olunmaması, beynəlxalq hüququn yetərsizliyi və ikili standartların tətbiqi nəticəsində kağız üzərində qalmağa məhkum olmuşdu. Əsas beynəlxalq oyunçular sülh prosesinin dalana dirənməsi, atəşkəsin əbədi saxlanması və münaqişənin dondurulmasına çalışaraq forpost dövlət olan Ermənistanın və qondarma Dağlıq Qarabağ Respublikasının ayaqda qalmasına çalışaraq müxtəlif formada hərbi və maliyyə yardımları ilə təminatçı rolunu oynayırdı. Danışıqlar prosesində Azərbaycanın ərazi itkisinə razı salınması üçün vaxtaşırı təzyiqlər edilir, dövlətin təklif etdiyi mərhələli planın əksinə isə paket həll variantını irəli sürürdülər. Qlobal güclərin hər zaman toqquşan maraqları yalnız Azərbaycan və Ermənistan münaqişəsi üzərində tarazlaşır, dövlətimizin əksinə olan addımları birgə dəstəkləyirdilər.
Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin mürəkkkəb münasibətlər labirintində məsələyə konseptual baxışı və qırmızı xətlərin keçilməzliyində radikal mövqesi gələcəklə bağlı konkret yol göstəmiş oldu. Dövlətin gücləndirilməsi, iqtisadiyyatın dirçəlməsi, hərbi qüdrətin bərqarar olması yolunda atılan addımlar tezliklə işğal altında qalan torpaqların həqiqi sahiblərinə qaytarılacağına ümid yeri olmuşdu.
27 sentyabra gedən yolda Azərbaycan ordusu dəfələrlə sərhəd və cəbhə xəttində gərginliklərin qarşısını müvəffəqiyyətlə alaraq düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv etmişdi. 2016-cı ilin 4 günlük Aprel döyüşləri nəticəsində bir sıra strateji yüksəklilər və minlərlə hektar torpaq azad edilmiş, 2017-ci ildə Günnüt kəndinin azad olunması və Ermənistandan Qarabağ və Xankəndinə gedən yollar üzərində yüksəkliklərin azad olunması ilə əraziyə vizual nəzarətin yaradılmasına nail olunmuşdu. 2020-ci ilin sentyabrında 44 günlük müharibə nəticəsində azad edilən rayonlarımız, 2021 və 2022-ci illərdə Fərrux və Qisas əməliyyatları ilə sərhəd boyu ərazilərdə irəliləyişlər və nəhayətində 19-20 sentyabr Lokal antiterror tədbirləri ilə son separatçı qalıqların təmizlənməsi ilə Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpasını reallaşdırdı. Döyüş qüdrətimiz və müasir hərbi əməliyyatların aparılması taktikası isə bugün regional və qlobal hərbi institutların dərs materiallarına salınaraq keçilən uğurlu yolun əyani nümayişini əks etdirir.
Laçın sərhəd buraxılış məntəqəsinin istifadəyə verilməsi tariximizdə xüsusi bir hadisə kimi yadda qaldı. Həmin tarixdən etibarən artıq bütün sərhədlər tam nəzarət altına alındı və ərazi bütövlüyümüz bərpa olundu, separatçılar tərəfindən Ermənistan marşrutu ilə silah-sursat və minaların gətirilməsinin qarşısı alınmış və qondarma qurum blokada vəziyyətinə düşmüş oldu. Qeyri-qanuni olaraq legitim ərazimizdə 15 minə yaxın hərbçinin mövcüd olmasından arxayın olan qondarma qurumun sentyabr ayında keçirdiyi saxta seçkilər və Ermənistan baş nazirinin seçki barədə təbrik məktubu artıq bütün qırmızı xətlərin keçildiyini göstərərək antiterror əməliyyatı ilə nəticələndi. Separatçı rəhbərlər və hərbi xunta rejiminin nümayəndələri əksəriyyəti yerlərində həbs edilərək Azərbaycan dövlətinin məhkəməsi qarşısına çıxarıldı, qanunauyğun şəkildə öz cəzalarını alacaqları günü gözləyirlər.
Qarabağ münaqişəsinin sona çatması ərəfəsində Fransanın birtərəfli mövqeyi, düşmən dövlətin dirçəldilməsi üçün maliyyə və hərbi dəstəyi, beynəlxalq qurumlarda Azərbaycana qarşı ittiham və təhdid siyasəti, yaxın keçmişdə isə Parisdə yerləşən Azərbaycan parkında şairə Natəvanın heykəlinin vandal münasibəti görərək təhqir olunması artıq münasibətlərə ağır zərər gətirildiyinin nümunəsidir. Fransanın keçmiş müstəmləkələrində yeritdiyi soyqırım siyasəti artıq bütün dünya ölkələri və xalqları tərəfindən də etirazla qarşılanır. Əlcəzairdə törədilən vəhşiliklər, keçmiş müstəmləkələr üzərində hələ də dominantlıq istəyi artıq qeyd olunan dövlətlərin hiddətinə səbəb olur.
Lakin bütün dünya dövlətləri, beynəlxalq aləm bilməlidir ki, Azərbaycandan Azərbaycana heç bir müdaxilə və nəzarət olunmadan maneəsiz keçidin həyata keçirilməsi labüddür. Artıq, bununla bağlı Ağbənd istiqamətində birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq. Zəngilandan Ordubada qədər ərazi hümanitar yük və insanlar üçün dəhliz rolunu oynayır, bu dəhliz heç bir suveren hüquqların məhdudlaşdırılması anlamına gələ bilməz. Zəngəzur dəhlizi ilə yanaşı Azərbaycan ərazisindən Şimal-cənub dəhliz marşrutu, eləcə də İran və Gürcüstan ərazilərindən keçməklə müxtəlif diversifikasiya yollar keçir ki, Ermənistan Azərbaycanın istəklərini icra etmədikcə yenidən dalan vəziyyətində qalacaq və bu imkanlardan məhrum olacaq.
Bundan sonra Azərbaycan öz hərbi qüdrətini yüksəltməklə yanaşı, xarici bazarlara çıxış əldə etmək məqsədilə hərbi texnika və sursatın alıcısı qismindən artıq ixracatçı mövqeyini əldə etmək məqsədi güdür və danılmaz faktdır ki, dövlətin hərbi arsenalına daxil olan məhsulların dünya bazarında tələbatçıları artmaqdadır.
İşğaldan azad olunmuş ərazilərdə geniş miqyasda infrastruktur layihələri icra olunur. Nəhəng layihələrdə iştirakla bağlı Azərbaycan dövləti region və digər aparıcı dövlətlərin də bu işlərə cəlb olunmasının tərəfdarı olduğunu dəfələrlə bildirmişdir. Doğma yurdlarından didərgin düşən minlərlə qaçqın və məcburi köçkün yeni inşa olunmuş evlərinə qayıdır və bu işlər sürətlə davam etdirilməkdədir.
Ermənistan işğal altında qalan 8 kəndlə bağlı dövlətin siyasi və diplomatik kanalları ardıcıl çalışmalar icra edir və bu gündəlikdə duran məsələlər sırasındadır.
Ermənistanın delimitasiya və demarkasiya komissiyalarının icrası ilə bağlı irəli sürdüyü və təklif etdiyi xəritələr ilə bağlı ölkə Prezidenti yüksək peşəkarlıq və uzaqgörənlik nümayiş etdirərək SSRİ-nin ilk yaranma dövrünə əsaslanaraq məhz o dövrün xəritələrinə istinad etməklə legitim ərazimizdə Sovet İttifaqı dövründə ermənilərə bir növ peşkəş şəklində paylanılan torpaqların əzəli Azərbaycan torpaqları olduğunu xatırlatmışdır.
Azərbaycanın Neft-qaz infrasturukturunun çoxşaxəliliyi, beynəlxalq konrtaktlar, iqtisadi layihələr, Yaşıl enerji və Yaşıl dövlət modelinə keçidlə bağlı Prezindentin səsləndirdiyi bəyanatlar, eləcə də bu il keçirilməsi nəzərdə tutulan qlobal səviyyəli tədbirlər haqda deyilən fikirlər dövlətimizin yaxın perspektivdə əldə edəcəyi nailiyyətlərin real olacağına əminlik yaradır.
Fevral ayında keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilər Azərbaycan xalqının yeni əsrin şəriksiz lideri, praqmatik siyasətçi İlham Əliyevə dövlətin və xalqın gələcəyini bir daha əmanət edəcəyi seçki kimi yaddaşda qalacaq və Azərbaycan dövləti İlham Əliyev liderliyində müstəqil, çağdaş və intibah çağının yeni zəfər və uğurları ilə addımlayacaqdır.