XX əsrin sonlarında SSRİ-nin zəifləməsi və çökməsi fonunda erməni millətçiləri, Ermənistan dövləti və Qarabağda yaşayan erməni separatçılar Azərbaycanın suverenliyinə qarşı iddialar irəli sürməyə başladılar. 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın əzəli torpaqları olan bu ərazinin Ermənistanla birləşməsi tələbi ilə kütləvi çıxışlar edilmiş, Ermənistan hökuməti bu tələbləri açıq şəkildə dəstəkləmişdi. Himayədarlarının birbaşa dəstəyi və köməyi ilə Ermənistan qoşunları Azərbaycan ərazilərinə hərbi müdaxilə həyata keçirərək Qarabağ bölgəsində başlanan qanlı münaqişəni daha da alovlandırdı və proses genişmiqyaslı müharibəyə çevrildi.
1991-1994-cü illər ərzində Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etdi. Nəticədə bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildi. İşğal illərində bölgədə tarixi Azərbaycan abidələri, məscidlər, qəbiristanlıqlar dağıdıldı, həmçinin kəndlər, şəhərlər və infrastruktur yerlə yeksan olundu.
Ermənistanın işğal siyasətinə məruz qalan rayonlardan biri də Cəbrayıl rayonu olmuşdu. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. Sahəsi 1050 kv km-i əhatə edən və 52000 nəfər əhalisi olan rayon ərazisində 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd vandalizm aktına məruz qalmışdı Cəbrayıl rayonu I Qarabağ müharibəsində 362 nəfər şəhid vermiş, 191 nəfər isə əlil olmuşdu. Müharibə zamanı rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Cəbrayıl rayonu çoxlu sayda tarix-memarlıq abidələrinin yerləşdiyi, eləcə də zəngin faydalı qazıntıların olduğu strateji cəhətdən önəmli bir bölgəmiz sayılırdı. Rayonun tarixi-mədəni abidələri erməni işğalları zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdı. Öz yerlərindən məcburi şəkildə köçkün düşən Cəbrayıl əhalisi respublikamızın 58 rayonunu əhatə edən 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur olmuşdu.
Ulu Öndər Heydər Əliyev rəhbərliyində ordumuzun 5 yanvar 1994-cü il tarixində həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı nəticəsində Cocuq Mərcanlı kəndi və bir neçə strateji yüksəklik işğaldan azad edilmiş, 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpənin işğaldan azad olunması ilə kənddə təhlükəsiz yaşam təmin edilmişdi.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin gedişatı zamanı 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl Azərbaycan ordusu tərəfindən işğaldan azad edildi. Bu hadisə müharibənin gedişatında Azərbaycan üçün mühüm bir qələbə idi. Cəbrayılın azad edilməsi, Azərbaycan ordusunun irəliləyişini daha da artırdı. Rayonun strateji mövqeyi həm də Azərbaycanın gələcək planları üçün əhəmiyyətli idi. Cəbrayılın azad edilməsi ilə yanaşı, ətrafdakı digər yaşayış məntəqələri də azad edildi. Cəbrayılın azad edilməsi, həmçinin, Azərbaycan xalqında milli ruhun daha da yüksəlməyinə səbəb oldu. Cəbrayılın işğaldan azad olunması, yalnız bir ərazinin geri qaytarılması deyil, eyni zamanda Azərbaycan xalqının azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin mühüm bir mərhələsi idi. Cəbrayılın azad edilməsi ilə Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaranmış, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürülmüşdü.
Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması Azərbaycan tarixində əbədi iz qoyan hadisələrdən biri idi. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunmuşdur.
Hal-hazırda azad olunan digər torpaqlarımızda olduğu kimi, Cəbrayıl rayonunda da genişmiqyaslı quruculuq işləri görülür. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisə hesab olunur. Ötən müddət ərzində Cəbrayıl rayonunun elektrik təchizatı tam təmin edilmiş, bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq olunmuşdur. Haliyədə Cəbrayıla 4-6 zolaqlı yol çəkilişi aparılır. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, rayon ərazisində nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi gözlənilir. Kəndlərin əksəriyyətinin baş planına uyğun olaraq inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikilməsi nəzərdə tutulur.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb. O cümlədən 44 günlük müharibədən sonra Prezident İlham Əliyev Cəbrayıl rayonuna ardıcıl səfərlər edərək tikinti işləri ilə tanış olmuş, müxtəlif təməlqoyma mərasimlərində iştirak etmişdir. 20 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, eləcə də “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimləri həyata keçirilmiş, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mətbuat konfransı təşkil olunmuşdur. Son olaraq dövlət başçısı 2024-cü ilin 03 oktyabr tarixində Cəbrayıl rayonuna səfər edərək Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışını edib, Cəbrayıl şəhərində alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, damazlıq yumurta istehsalı fabrikinin və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak edib.
Əminliklə demək olar ki, bundan sonra da Cəbrayılın azad olunması, Azərbaycan xalqının qürur tarixinin parlaq bir səhifəsi kimi yaşayacaq, şanlı keçmişimizin ayrılmaz bir parçası kimi xatırlanacaqdır.