Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabr ayının 19-20-də isə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə dövlətimizin suverenliyi ölkəmizin bütün ərazisində tamamilə təmin olundu. Beləliklə də, tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın yaratdığı bugünkü reallıqlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarının bərpası işinə stimul verir, Qərbi Azərbaycana qayıdış üçün zəmin yaradır.
2022-ci il dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq artıq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu gün Azərbaycan vətəndaşları möhtəşəm tarixi hadisələrə şahidlik edir. Dünya birliyində söz sahibinə çevrilən güclü və qüdrətli Azərbaycanda Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev ata vəsiyyətinə əməl edərək, torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir. Artıq Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır, Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılır.
Deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycanda etnomədəni terrora məruz qalmış tarixi-mədəni irsimizlə bağlı faktların ortaya qoyulması və dünya ictimaiyyətinə çatdırılması, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə görülən sistemli tədbirlərin davamı kimi noyabr ayının 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festival -konqres keçirilib. Tədbir iştirakçıları səfər çərçivəsində noyabr ayının 24-də Ordubad rayonunda olub, Ordubad Şəhər Stadionunda təşkil olunan tədbirdə iştirak edib, bu rayonda məskunlaşan Qərbi azərbaycanlılarla görüş keçiriblər. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimlinin, rayon ictimaiyyətinin, rayona səfər edən qonaqların, Ordubad rayonunda məskunlaşan Qərbi azərbaycanlıların iştirak etdiyi tədbirdə Azərbaycan kulinariyasının Qərbi Azərbaycana xas olan müxtəlif yemək, şirniyyat nümunələrinin, təbii bitkilərinin təqdimatı olub. Sonra tədbir iştirakçıları əzəli yurd yerlərimizə aid ev, məişət və geyim əşyalarının nümayiş olunduğu Qərbi Azərbaycana həsr olunan sərgiyə baxış keçiriblər. Daha sonra Qərbi Azərbaycana məxsus folklor, rəqs və mədəniyyət nümunələri, atüstü Çövkən oyunu, aşıq havaları, uşaq oyunları nümayiş olunub, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynovanın ifasında musiqilər dinlənilib.