22 iyun 2024-cü il tarixdə “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresi iştirakçılarının Ordubad rayonuna səfəri və rayon ərazisində məskunlaşmış Qərbi Azərbaycan əsilli vətəndaşların bir qismi ilə görüşü təşkil olunub
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasəti və qətiyyəti ilə reallaşacaq Zəngəzur dəhlizinin bütün Türk dünyasına, eləcə də doğma Naxçıvanın sosial-iqtisadi həyatına daha da canlanma gətirəcəyini bildirib. İcra Başçısı beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq bu yolla yüklərin zaman baxımından mənzil başına daha tez çatdırılacağını bildirib. Zəngəzur dəhlizinin təkcə Azərbaycanın əsas hissəsi olan Naxçıvanı deyil, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcəyi, Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklərin oradan Avropaya və dünya bazarına çıxarılacağı qeyd olunub. Dəhlizin açılması ilə regionun turizm infrastrukturunun daha da səmərəli olacağı, yol boyu texniki xidmət mərkəzlərinin, mehmanxana və digər iaşə obyektlərinin açılması zərurətinin ortaya çıxması ilə paralel olaraq yeni iş yerlərinin yaranması və ümumilikdə əhalinin sosial vəziyyətinin yüksələcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra Ordubad rayon Şəhriyar qəsəbəsində yerləşən Ordubad Dəmiryolu stansiyası ilə tanışlıq olub. Dövlət başçısı cənab İlham Əliyevin 10 may 2021-ci il tarixində bu stansiyada görülən işlərlə tanış olması, eləcə də məhz bu ərazidə müsahibə verərək “Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır” nitqini səsləndirməsi qonaqlara bir daha xatırladılıb.
Səfər iştirakçılarının Ordubad şəhərinin tarixi küçə və abidələri ilə tanışlığı onlarda rayon turizmi və mədəniyyəti haqqında xoş təəssüratlar oyadıb.