Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

          İkinci Qarabağ müharibəsində əldə olunan tarixi zəfər və Antiterror əməliyyatları nəticəsində suverenliyimizin bərpası Azərbaycanın dünya dövlətləri arasında nüfuzunu daha da artırmış, beynəlxalq arenada əsas söz sahiblərindən birinə çevirmişdir.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji uzaqgörənliyi, xarici siyasətdə atılan düzgün addımlar ölkəmizin regional güc olaraq mövqeyini daha da gücləndirib. Geopolitik sferada imperial siyasətlərini həyata keçirməyə çalışan iri dövlətlər belə Cənubi Qafqazda Azərbaycanın istəyi və razılığı olmadan heç bir addım atmır, ölkəmizin maraqlarını nəzərə almağa məcbur olurlar. 

           Bu gün ölkə daxilində sosial-siyasi sabitlik tam şəkildə qorunub saxlanılır, həmçinin işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı tikinti və yenidənqurma işləri davam etdirilir. Dövlət başçısı müntəzəm olaraq bu yerlərə səfər edərək inzibati və yaşayış binalarının təməlqoyma mərasimində iştirak edir, həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazisinin yenidən dirçəldilməsi üçün qətiyyətli addımlar atılır. 20 sentyabr tarixində Antiterror əməliyyatlarının ildönümü günü Prezident İlham Əliyevin Xankəndi şəhərinə səfəri və Qarabağ Universitetində çıxışı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

          Ölkə başçısı cənab İlham Əliyev çıxışında 2023-cü il əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa olunduğunu, separatizmə son qoyulduğunu bildirib. Vətən müharibəsi və antiterror əməliyyatı zamanı 90 mindən çox azərbaycanlının iştirak etdiyi, onlardan 3200-dən çox qəhrəmanın şəhadət zirvəsinə ucaldığı qeyd olunub. Azərbaycanın vətənpərvər əsgər və zabit heyəti müharibədə əsl şücaət göstərmiş, döyüşlərdə ancaq irəliyə gedərək düşmənə aman verməmişdir. Qüdrətli ordumuzun qarşısında dayana bilməyən erməni qüvvələri öz etiraflarında təkcə 12 min fərarilərinin olduğunu qəbul edirlər. Şuşa şəhərinin azad edilməsi isə dünya hərb tarixində analoqu olmayan bir qəhrəmanlıq dastanı idi. 23 saat davam edən antiterror əməliyyatı sayı 15 mindən çox erməni hərbi kontingentini tamamilə sıradan çıxarmış, onlara rəhbərlik edən qondarma liderlər isə təslimçilik aktına imza atmağa məcbur qalmışdılar.

             Atəşkəs dövründə ölkəmiz bir tərəfdən hərbi sənaye və iqtisadiyyatını gücləndirir, digər tərəfdən isə daxilində yerləşən bir milyondan çox qaçqın və məcburi köçkünün rifah halının yaxşılaşdırılmasına çalışırdı. Bu məqsədlə minlərlə qaçqın və köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülmüşdü. Bizlər isə sonadək inamımızı itirmir, torpaqlarımızın azad olunması üçün tarixi şəraitin yaranmasını gözləyirdik. Bunun üçün isə ilk növbədə dövlətin bütün sahələrdə heç bir xarici asılılığı olmamalı, xalq-ordu birliyi və milli vətənpərvər gənclik yetişdirilməli idi ki, Ulu Öndər Heydər Əliyevin qoyduğu müdrik irs bizə qeyd olunanların həyata keçirilməsinə şərait yaratdı.

    Azərbaycan  işğal dövründə ədalətsiz və ikili standarlar ilə üz-üzə qalmışdı. Ölkəmiz həm informasiya cəbhəsində, həm də  səngərdə mübarizə aparırdı. Çətin sınaqlardan keçən Azərbaycan gəncliyi bütün problemlərin öhdəsindən gəlməyi bacarmış, cəbhədə gedən döyüşlərdə qan tökərək zəfər qazanmış, hibrid savaşa qarşı isə əzmlə sinə gərmişdir. Artıq bu gün Qarabağda döyüşən Azərbaycan gənci estafeti öyrənən, bilik və elm dalınca gedən gənclərə verməkdədir. Dövlət başçısının 2023-cü ilin noyabrında imzaladığı sərəncam nəticəsində yaranan Qarabağ Universitetinin haliyədə ölkəmizin hər bir bölgəsindən 1200 tələbəsi var.

   Ölkə Prezidenti cənab İlham Əliyev Qarabağ Universitetində çıxışı zamanı keçmişə nəzər yetirərək XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri haqqında ətraflı bəhs edib. Bu torpaqlarda yaşamayan ermənilərin kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülməsinin də məhz bu müqavilələrin imzalanmasından sonra olduğu qeyd olunub. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması da bu bölgəni Azərbaycandan ayırmaq məqsədli addım idi.  1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsi isə həm də  Naxçıvanın blokadaya düşməsinə səbəb olmuşdur.

   Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən 30 faizə qədər artmış, Xankəndidə dəmir yolu vağzalı, Sərsəng və Suqovuşan su anbarları tikilmişdi.  1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən dərhal sonra separatizm yenidən baş qaldırmağa başlamışdı.  Xankəndidə və Ermənistanda etirazlar başlamış, Azərbaycan əleyhinə müxtəlif təşkilatlar yaradılmışdı. Əvvəlcə Sovet Mərkəzi hökumətinin, sonra isə o vaxtkı Azərbaycan rəhbərliyinin laqeyd və qorxaq davranışları  bizim torpaqları itirməyimizə səbəb oldu. 1992-ci ilin fevralında dəhşətli Xocalı soyqırımı törədildi. Nəhayət Ulu Öndər Heydər Əliyev Azərbaycana yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan bir dövlət kimi yox olmaq təhlükəsindən azad oldu.

   Artıq Azərbaycan qalib dövlətdir. 8 Noyabr - Zəfər, 20 Sentyabr isə ölkəmizdə Dövlət Suverenliyi Günüdür. Ölkəmiz Ümummilli Lider Heydər Əliyev ideyalarının və siyasi irsinin yolu ilə gedir. Bu yol Azərbaycanın daim çiçəklənməsinə, tərəqqisinə və inkişafına xidmət edəcək, bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasına səbəb olacaqdır.