Qarabağ Zəfərinin Əbədi Abidəsi

     Qarabağ zəfəri Azərbaycan tarixinin əzəmətli və unudulmaz səhifələrindən biridir. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizənin ən parlaq və şərəfli mərhələsi oldu. 44 gün davam edən bu müharibədə Azərbaycan Ordusu erməni işğalında olan Qarabağ torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatla Ermənistan məğlubiyyətini qəbul etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər Azərbaycanın gücünün, xalqın və ordunun birliyinin rəmzinə çevrildi və hər il Zəfər Günü olaraq qeyd olunur.

     Bu əlamətdar gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.  Daha sonra dövlət başçısı xalqa müraciət edib. Prezident İlham Əliyev müraciətində bütün Azərbaycan xalqını bu gün münasibətilə təbrik edib, Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyib. “Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq” deyə çıxışına davam edən ölkə başçısı  44 günlük Vətən müharibəsinin bizim şanlı tariximiz və parlaq Qələbəmiz olduğunu vurğulayıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib:  “Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir.  Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.

      İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik.

      İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

      Müharibə dövründə Ermənistan hərbi cinayətlər törətmişdir, dinc şəhərlərimizi bombalayırdı, “İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi.. Biz müharibəni vaxtında dayandırdıq və mən müharibənin ilk günündə demişdim ki, düşmən torpaqlarımızdan çıxmaq cədvəlini bizə verməlidir - nə vaxt hansı bölgədən çıxır, ondan sonra biz müharibəni dayandıracağıq. Ancaq bəzi insanlar, - bu, təbiidir, - hesab edirdilər ki, Azərbaycan rəhbərliyi bu beynəlxalq ermənipərəst qüvvələrin təzyiqinə davam gətirə bilməyə bilər və xalqımız narahat idi ki, işimiz yarımçıq qalacaq. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ona görə, təbii olaraq Azərbaycan vətəndaşlarının bəziləri narahat idi ki, müharibə yarımçıq qalacaq, biz öz istədiyimizə nail ola bilməyəcəyik, bizi kimsə dayandıracaq. Amma mən dedim, yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədaləti, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistana onun yerini göstərəcəyik.

      2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq.

      Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi - ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.

       Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.

     Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir;

      Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər.

      “Biz isə bundan sonra da güclənəcəyik” deyən dövlət başçısı heç bir təzyiq, heç bir hədə-qorxunun bizə bu günə qədər təsir etmədiyini, Xalq-iqtidar birliyinin gücümüzün əsas mənbəyi olduğunu çıxışına əlavə edib. Prezident İlham Əliyev qeyd edib “İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir”

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu özəl gündə Zəfər Parkının açılışını xüsusi vurğulayaraq bildirib: “Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır  Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!”