15 noyabr 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Qoşadizə kəndində səyyar qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişlərinə uyğun olaraq keçirilən və əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edən görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək kənd sakinlərini salamlayıb, ölkəmizdə aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar və rayon ərazisində yaxın perspektivdə həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələri haqqında məlumat verib. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin dövlətimizin həm hərbi, həm də siyasi müstəvidə mövqeyini gücləndirdiyini və dünya ictimaiyyətində ölkəmizə olan etimadı artırdığını qeyd edən rayon İcra Hakimiyyətinin başçısı, hazırda keçirilən COP29 Konfransının Azərbaycanın beynəlxalq aləmdə yüksələn nüfuzunun və gücünün göstəricisi olduğunu vurğulayıb. Görüşdə Prezident İlham Əliyevin COP29 çərçivəsindəki çıxışına toxunularaq, ölkəmizin bəşəriyyətin üzləşdiyi iqlim çağırışlarına dair konkret təşəbbüslər və təkliflər ilə çıxış etdiyi bildirilib. Eyni zamanda, Azərbaycanın yaşıl enerji potensialı, bərpa olunan enerji layihələri və karbon emissiyalarının azaldılması istiqamətində gördüyü işlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi qeyd olunub.
Qəbulda həmçinin Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institunun vətəndaş-dövlət münasibətlərinin daha da sıx şəkildə qurulmasına və müasir idarəçilik mexanizmlərin tətbiq olunmasına verdiyi töhfə dinləyicilərin nəzərinə çatdırılıb. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında məlumat verən İcra başçısı, dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasının həyata keçirilməsi istiqamətində konkret addımların atıldığını, 2025-ci ildən etibarən isə görüləcək işlərin daha da sürətlənəcəyini bildirib. Çıxış zamanı Qoşadizə və Kələntər Dizə kəndlərinin əsas yollarına asfalt örtüyünün döşəndiyi, yaxın perspektivdə kənddaxili yolların da təmir olunaraq asfaltlanacağı qeyd olunub.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların körpü təmiri, su kanalının bərpası, mərasim evinin tikilməsi, içməli su və sair problemləri ilə bağlı səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.