"Qubadlı: Qədim Şəhərin Zəfər Salnaməsi"

      Qubadlı rayonu Azərbaycan Respublikasının qərb hissəsində, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan bir bölgədir. Coğrafi mövqeyinə görə rayon Ermənistanla sərhəddə yerləşir. Şimalda Laçın, şərqdə Xocavənd və Cəbrayıl, cənubda Zəngilan rayonları ilə həmsərhəddir. Bu rayon strateji əhəmiyyət daşıyan bir ərazidə yerləşir. Rayonun ümumi sahəsi təxminən 802 kvadrat kilometrdir. Ərazisi dağlıq və dağətəyi relyefə malikdir ki, burada dağlar, çaylar və meşə massivləri mövcuddur. Hündürlük müxtəlifliyi, xüsusilə Böyük Qafqazın cənub qolları olan Murovdağ silsiləsi ilə əlaqədardır. Oxçuçay və Bərgüşad çayları rayonun əsas su mənbələrindən sayılır.

        Rayonun təbiəti zəngin biomüxtəlifliyə sahibdir və burada bitki və heyvan növlərinin geniş spektri mövcuddur. Bu, həm kənd təsərrüfatı, həm də turizm üçün əlverişli şərait yaradır. Qubadlı rayonunun təsərrüfatı əsasən kənd təsərrüfatına əsaslanır. Rayonun iqlimi və təbii şəraiti kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişlidir. Qubadlı rayonunun torpaqları əkinçilik üçün münbitdir. Dağlıq və dağətəyi ərazilərdə otlaq sahələrinin olması heyvandarlığın inkişafına təkan verir. Qoyunçuluq, maldarlıq və quşçuluq rayonda əsas heyvandarlıq sahələri olmuşdur. İşğaldan əvvəl kənd təsərrüfatı rayonun iqtisadi həyatında mühüm rol oynayırdı.

     Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon əhalisi doğma torpaqlarını tərk etmək məcburiyyətində qalaraq Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşamağa başlamışdı. Bu işğal rayona ciddi zərbələr vuraraq sosial-iqtisadi vəziyyətə dərin təsirlər göstərdi. Qubadlı rayonunun işğalından sonra təxminən 30 min nəfərdən çox rayon sakini öz evlərini tərk edərək məcburi köçkün oldu. Onlar Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Bakı, Sumqayıt və digər şəhər və kəndlərdə məskunlaşdılar. Qubadlı rayonunun işğalı nəticəsində kənd təsərrüfatı, infrastruktur və digər iqtisadi fəaliyyətlər tamamilə dayanmışdı. Rayonun kənd təsərrüfatı potensialı, üzümçülük və heyvandarlıq, bağçılıq sahələri işğal zamanı məhv olmuş, məhsuldar torpaqlar və obyektlər dağıdılmışdı.

      İşğaldan sonra Qubadlı rayonunun təbii sərvətləri Ermənistan tərəfindən qanunsuz istismar edilmişdir. Rayonun meşəlikləri qırılmış, təbii ehtiyatlar talan edilmişdir. Eyni zamanda, rayondakı tarixi və mədəni abidələr, qəbiristanlıqlar və məscidlər də vandalizmə məruz qalmışdır. Bu, Azərbaycanın milli-mədəni irsinə qarşı böyük zərbə olmuşdur. İşğal nəticəsində Qubadlı rayonundakı evlər, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri də məhv edilmiş,  kənd və qəsəbələr tamamilə yararsız hala salınmışdır.

       2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) nəticəsində Qubadlı rayonunu Ermənistanın işğalından azad etdi. 25 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı rayonunun azad olunduğunu elan etdi.  Qubadlının azad olunması strateji əhəmiyyət daşımışdır.

       Qubadlının azad edilməsindən sonra ölkəmiz bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı.  Haliyədə işğal dövründə tamamilə dağıdılmış infrastrukturun bərpası istiqamətində əməli addımlar atılır.  Yollar, su və elektrik təchizatı, kommunikasiya şəbəkələri yenidən qurulur. Əsas magistral yolların inşası ilə yanaşı, Qubadlının kəndlərinə və qəsəbələrinə də yollar çəkilir. Dövlətimiz işğaldan azad olunmuş ərazilərdə "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarına uyğun yeni yaşayış məntəqələrinin inşasına start verib. Bu layihələrdə müasir infrastruktur, yüksək texnologiyalar və ekoloji dayanıqlılıq əsas götürülür. Məqsəd isə, keçmiş məcburi köçkünlərin yüksək yaşayış standartlarına uyğun olaraq öz torpaqlarına qayıtmasını təmin etməkdir. Dövlət tərəfindən kənd təsərrüfatı sektoruna subsidiyalar və dəstək proqramları həyata keçirilir ki, bu da rayonun iqtisadi canlanmasını sürətləndirəcək.

        Qubadlı rayonunda işğal zamanı dağıdılmış və ya zərər görmüş tarixi və mədəni abidələrin bərpası işləri də başlanmışdır. Bu, həm mədəni irsin qorunması, həm də turizmin inkişafı baxımından əhəmiyyətlidir. Tarixi abidələrin bərpası ilə yanaşı, yeni turizm marşrutları da yaradılacaq ki, bu da rayonun iqtisadi inkişafına təkan verəcək.

     Qubadlının azad edilməsi Azərbaycanın Vətən müharibəsindəki böyük qələbələrindən biridir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynadı. Azadlıqdan sonra başlanılan yenidənqurma və bərpa siyasəti Qubadlının sürətlə inkişafına, əhalinin qayıdışına və bölgənin iqtisadi yüksəlişinə şərait yaradır. Dövlətin strateji və davamlı siyasəti nəticəsində yaxın illərdə Qubadlının əvvəlki iqtisadi gücünə və sosial rifahına qovuşacağı gözlənilir.

          Qubadlının azad olunmasından sonra bu əraziyə səfərləri zamanı Prezident cənab İlham Əliyev azad olunmuş ərazilərdə aparılan bərpa işləri ilə tanış olmuş, infrastruktur layihələrinin icrasını yerində izləyərək əhalinin problemləri ilə maraqlanmışdır. Bu səfər, həmçinin dövlətin bölgəyə olan diqqətini nümayiş etdirən əsas amillərdən biri sayılır. Ölkə başçısının Qubadlı rayonuna səfərləri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və inkişaf işlərinin əhəmiyyətini artırır. Bu səfərlər, həmçinin əhali ilə birbaşa dialoq yaratmaq, onların problemləri ilə maraqlanmaq və dövlətin bu ərazilərə olan diqqətini nümayiş etdirmək baxımından mühimdir. Prezidentin səfərləri, Qubadlının gələcək inkişafına, iqtisadi və sosial göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərir.

           Dövlət başçısı tərəfindən 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi qeyd olunur.