ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rəcəb Rəhimli Çənnəb kəndində sakinlərin müraciətlərini dinlədi

Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərininin yerində araşdırılması və qaldırılan məsələlərin operativ həllinə nail olmaq məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 2025-ci il 23 oktyabr tarixində Çənnəb kəndində səyyar qəbul keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.   

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən icra başçısı 44 günlük Vətən müharibəsindən, Antiterror əməliyyatından və bu il 5 illiyini qeyd etdiyimiz Zəfər tarixindən bəhs edib. Qazanılmış qələbənin Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, bu siyasi varisliyi layiqincə davam etdirən Prezident İlham Əliyevin güclü və məqsədyönlü rəhbərliyi, həmçinin şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində əldə olunduğunu diqqətə çatdırıb. Rəcəb Rəhimli 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını, ölkəmizin sözünün regionda və dünyada keçərli olduğunu qeyd edib. Qarabağ və Şərqi Zəngəzurda köçkünlərin doğma yurdlarına qayıdışı və yerləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıb.

Görüşdə Zəngəzur dəhlizinin açılmasının strateji və iqtisadi əhəmiyyətindən də bəhs olunub. Qeyd olunub ki, bu layihə regionda nəqliyyat və ticarət əlaqələrinii genişləndirəcək, Naxçıvan Muxtar Respublikasının ölkənin əsas hissəsi ilə birbaşa əlaqəsini təmin edəcək və iqtisadi inteqrasiyanı gücləndirəcək.

Rəcəb Rəhimli “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonu üzrə həyata keçirilən işlər barədə də məlumat verib. Bildirib ki, yol infrastrukturunun qurulması, su təsərrüfatı ilə bağlı layihələrin hazırlanması, məşğulluğun artırılması, turizmin inkişafı, eləcə də tarixi-memarlıq abidələrinin bərpası istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə hazırda Ordubad şəhərindəki “Ərbabın iş yeri” tarixi binasının əsaslı təmiri aparılır, “Sərşəhər məscidi” və “Mədrəsə” binasının bərpası, akademik Yusif Məmmədəliyevin ev muzeyi və büstü ətrafının abadlaşdırılmasına başlanılması istiqamətində  işlər davam etdirilir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən kəndin elektrik xətlərinin yenilənməsi, körpü tikintisinin həyata keçirilməsi, suvarma kanallarının təmizlənməsi, kənd qəbiristanlığında abadlıq işlərinin aparılması üçün istinad divarının çəkilməsinə icazə verilməsi, tramplin və yol nişanlarının qoyulması məsələlərinə aid olub. Qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Digər məsələlər isə aidiyyəti qurumlarla əlaqələndirilməklə araşdırılması üçün nəzarətə götürülüb.

Sonda kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.