ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rəcəb Rəhimli ictimaiyyət nümayəndələri ilə növbəti görüş keçirib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. İcra başçısı çıxış edərək rayonun inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Məşğulluq imkanlarının artırılması, yol və su infrastrukturunun yenilənməsi, mədən sənayesinin dirçədilməsi, ipəkçilik və baramaçılığın inkişafı, eləcə də Ordubadın gələcəkdə əsas turizm məkanlarından birinə çevrilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Prioritetliyi nəzərə alınmaqla şəhər və kənd daxili avtomobil yollarının təmir olunması ilə bağlı görülən işlər və nəzərdə tutulan yenidənqurma işləri barədə məlumat verilib. İcra başçısı xüsusilə, “Şəhidlər Xiyabanı”nın təmir olunması, “Zəfər Parkı”nın tikintisi üçün layihələrin həyata keçirilməsi, rayonda yerləşən tarixi “Ərbabın iş yeri” binasının, “Sərşəhər məscidi”nin bərpa işlərinə başlanılması istiqamətində görülən tədbirlərdən danışıb. Azərbaycan Respublikası Prezidentinin dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində alimin Ordubad şəhərindəki büstünün və ətrafının, akademikin ev muzeyi binasının və həyətyanı sahəsinin təmir-bərpası istiqamətində işlərin aparıldığı qeyd olunub. “Ordubad ABAD Factory” İstehsalat Kompleksinin tikintisi və torpaq sahəsinin ayrılması istiqamətində sənədləşmə işinin aparıldığı barədə məlumat verilib.

       Görüşdə ictimaiyyət nümayəndələri də çıxış edərək təklif və rəylərini səsləndiriblər. Tədbirdə nümayəndələr tərəfindən rayon ərazisində “Yüksəkgərginlikli transformatorların təmiri” sexinin açılması istiqamətində müvafiq qurumlarla əlaqələrin yaradılması, Parağa kəndində 14 ailənin mövcud içməli su probleminin Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsi tərəfindən növbəti illərin tədbirlər planına salınsa da, daha tez həll olunması istiqamətində iş aparılması, Dəstə və Üstüpü kəndlərinin daxili yollarının təmir edilməsi üçün müvafiq işlərin həyata keçirilməsi, Vənənd kəndində sahibkar tərəfindən illər əvvəl tikintisinə başlanılmış bağça binasının tikilib istifadəyə verilməsi, şəhər ərazisində yol təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, şəhər ərazisindəki parklarda quraşdırılan idman və uşaq əyləncə qurğularının rayonun digər kəndlərində də quraşdırılması, piyada yollarının bəzi hissələrində mövcud olan çökmələrin aradan qaldırılması və s. kimi təkliflər səsləndirilib. İştirakçılar, həmçinin rayon rəhbərliyinin ictimaiyyətlə birbaşa dialoq şəraitində işləməsini yüksək qiymətləndirərək bu görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən ictimaiyyət nümayəndələrinə yerlərdə araşdırmalar apararaq mövcud problemlərin vaxtında aradan qaldırılması üçün icra hakimiyyətinə təkliflər vermələri tövsiyə edilib. Vurğulanıb ki, Ordubad rayonunda sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək, işsizliyin aradan qaldırılması üçün görülən işlər ardıcıl şəkildə həyata keçiriləcək, ictimaiyyətlə əməkdaşlıq isə bu prosesin əsas dayaqlarından biri olacaq.