Rəcəb Rəhimli Kələki kənd sakinlərinin müraciətlərini dinləyib

      19 iyul 2024-cü il tarixdə Ordubad rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Kələki kəndində səyyar qəbul keçirilib. Keçirilən görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Ordubad rayonunda vətəndaşların müntəzəm olaraq qəbulu həyata keçirilir, əhalinin müxtəlif məsələlərlə bağlı müraciətlərinin müsbət həll olunması üçün müvafiq addımlar atılır.

        Kələki kəndində keçirilən görüşdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli son illərdə Azərbaycanın müxtəlif istiqamətlərdə əldə etdiyi nailiyyətləri bir daha xatırladıb, qazanılan uğurların təməlində dövlət başçısı İlham Əliyevin liderliyində həyata keçirilən innovativ dövlət siyasətinin dayandığını vurğulayıb. Məhz bu siyasətin davamı olaraq Naxçıvan Muxtar Respublikasında yaradılan Prezidentin səlahiyyətli nümayəndəliyi institunun fəaliyyətinin vətəndaşların dövlət strukturlarına inam və etibarının artmasında mühüm rol oynadığı qeyd olunub. Görüşdə həmçinin “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və  “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verilib, Ordubad rayonunun inkişafına zəmin yaradacaq maddələrin bu proqramda geniş əksini tapdığı dinləyicilərin nəzərinə çatdırılıb. İcra başçısı görülən işlərin başlanğıcı olaraq baramaçılığın bərpasına yönəlik pilot layihə kimi atılan ilkin addımların müsbət nəticələr verdiyi barəsində fikirlərini bölüşüb. İpəkçiliyin xammal bazasının formalaşdırılması üçün bütün muxtar respublika ərazisində genişmiqyaslı tut bağlarının salındığı, yaxın gələcəkdə görülən işlərin davamı olaraq Ordubad rayonunda xalçaçılıq və ipəkçilik, eləcə də konserv məhsullarının istehsalı üçün müvafiq obyektlərin tikintisinin nəzərdə tutulduğu barədə kənd sakinlərinə məlumat verilib.  

      Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının davamı olaraq Nazirlər Kabineti tərəfindən “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi”nin də artıq təsdiq edilməsinin  rayonun turizm infrastrukturunun formalaşması və inkişafında mühüm rol oynayacağı bildirilib. Turizmin inkişafı istiqamətində ilkin olaraq isə qısa zaman ərzində yeni hotel tikintisinə start veriləcəyi, Ordubad şəhəri ərazisində yerləşən qədim Sərşəhər məhəlləsinin, Mədrəsə binasının və Ərbabın evi adlanan tarixi tikilinin yenidən bərpası istiqamətində işlərin yaxın zamanda başlanacağı qeyd olunub. İcra başçısı öz çıxışında Ordubad rayonunun Zəngəzur dəhlizinin Türk dünyasına açılan giriş qapısı olduğunu xüsusi vurğulayaraq bu ərazinin gələcəkdə nəhəng nəqliyyat və kommunikasiya qovşaqlarının kəsişmə nöqtəsi olaraq xüsusi əhəmiyyət daşıyacağı haqqında ətraflı məlumat verib. Atılan məqsədyönlü addımların yaxın zaman kəsiyində əhalinin sosial rifah halını daha da yüksəldəcəyindən əminlik ifadə olunub.

 Yekunda Kələki kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, sosial yardım, məşğulluq, içməli su çatışmazlığı, torpağın qanuni sənədləşdirilməsi, bəzi yolayrıcı sahələrə tanıtım nişanlarının yerləşdirilməsi və sair problemlər üzrə  səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

  Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.