29 avqust 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək rayonun inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. 2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” haqqında söhbət açan İcra başçısı, bu proqramın həyata keçirilməsi ilə Muxtar Respublikanın bütün bölgələrində olduğu kimi Ordubad rayonunda da yeni inkişaf mənzərəsinin müşahidə olunduğunu qeyd edib. Bu proqram çərçivəsində məşğulluq imkanlarının artırılması, mədən sənayesinin dirçədilməsi, yol və su infrastrukturunun yenilənməsi, ipəkçilik və baramaçılığın inkişafı, eləcə də Ordubadın gələcəkdə əsas turizm məkanlarından birinə çevrilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Şəhər və kənd daxili avtomobil yollarının təmir olunması ilə bağlı görülən işlər və nəzərdə tutulan yenidənqurma işləri barədə məlumat verilib. İcra başçısı xüsusilə, “Şəhidlər Xiyabanı”nın təmir olunması, “Zəfər Parkı”nın tikintisi üçün layihələrin həyata keçirilməsi, rayonda yerləşən tarixi “ Ərbabın iş yeri” binasının, “Sərşəhər məscidi”nin bərpa işlərinə başlanılması istiqamətində görülən tədbirlərdən danışıb.
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamını xatırladan İcra başçsı, həmçinin, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsinin də Ordubad turizminə yeni imkanlar açacağını vurğulayıb. Bu məqsədlə də ilk olaraq hotellərin tikintisinin başlanması yönündə fəaliyyətin icra olunduğu bildirilib, bu işlərin şəhərin yeni hazırlanan Baş Planına uyğun həyata keçiriləcəyi ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırılıb.
Rəcəb Rəhimli çıxışında bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat bağlantısının yaradılması deyil, eyni zamanda türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən mühüm strateji layihə kimi qiymətləndirilir.
Görüşdə ictimaiyyət nümayəndələri də çıxış edərək təklif və rəylərini səsləndiriblər. Onlar xüsusilə rayon əhalisinin gündəlik həyatına təsir edən məsələlərin həllinə dair fikir bildiriblər, təmir-bərpa işlərinin sürətləndirilməsi və yeni layihələrin icrasının Ordubadın sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər. Tədbirdə nümayəndələr tərəfindən məşğulluq məsələləri, mərasim evlərinin tikintisi, parkların təmir olunması, Məzrə və Dübəndi çaylarında sututarların inşa edilməsi, şəhər və kəndlərin məhəllə daxili ensiz yollarında yanğın əleyhinə mühafizə üçün kiçik həcmli yanğınsöndürən avtomobillərin təmin olunması, şəhərdaxili marşrutların yol xəritəsinin genişləndirilməsi, şəhərdə çeşmələrin qidalanması üçün Gənzə və Anabat çaylarına Araz çayından su vurulması və s. kimi təkliflər səsləndirilmişdir. İştirakçılar, həmçinin rayon rəhbərliyinin ictimaiyyətlə birbaşa dialoq şəraitində işləməsini yüksək qiymətləndirərək bu görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.
Səmimi və açıq dialoq şəraitində keçən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli vurğulayıb ki, Ordubad rayonunda sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək, işsizliyin aradan qaldırılması üçün görülən işlər ardıcıl şəkildə həyata keçiriləcək, ictimaiyyətlə əməkdaşlıq isə bu prosesin əsas dayaqlarından biri olacaq.