Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən 25 dekabr 2025-ci il tarixində Xanağa kəndində növbəti səyyar qəbul keçirildi. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak etdilər.
Görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin və 25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı reysi üzrə uçuş həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb, bu qələbənin beynəlxalq arenada ölkəmizin nüfuzunun artmasına mühüm töhfə verdiyindən bəhs edib. Bildirilib ki, hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi sürətlə davam edir. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasının strateji əhəmiyyəti qeyd olunub, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində dəmir yolu infrastrukturunun yenidən qurulması məqsədilə tikinti işlərinə başlanılması barədə məlumat verilib.
Rəcəb Rəhimli, “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda həyata keçirilən işlər barədə məlumat verib. Yol infrastrukturunun yenidən qurulması, məşğulluq imkanlarının artırılması, içməli və suvarma su təchizatının yaxşılaşdırılması, mədən sənayesinin, turizmin, meyvəçiliyin və intensiv bağçılığın inkişaf etdirilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.
Kənd sakinlərinin məşğulluq, su təsərrüfatının təkmilləşdirilməsi, elektrik xəttlərinin yerinin dəyişdirilməsi, quru ağaclarda budama işlərinin aparılması , yol infrastrukturunun yenilənməsi və digər məsələlərlə bağlı təklif və müraciətləri dinlənilib. Qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib, həlli müəyyən vaxt tələb edən müraciətlər isə nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.