Şəhid ailələrinə göstərilən dövlət qayğısı davam etdirilir

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da şəhid ailələri və müharibə iştirakçıları dövlət qayğısı ilə tam əhatə olunub. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailə üzvlərinin təminat və güzəranlarının yaxşılaşdırılması, məişət qayğılarının yerində həll edilməsi üçün müntəzəm olaraq məqsədyönlü addımlar atılır. Belə addımlardan biri də şəhidlərin doğulub boya-başa çatdıqları və yaşadıqları evlərə gedən ərazi və yolların abadlaş-dırılmasından ibarət olub.  Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin tapşırığına əsasən Ordubad rayon Yol-Təmir Tikinti İstismarı İdarəsi MMC tərəfindən rayonun Tivi kəndində şəhid Budaqov Rufiz Şirzad oğlunun və Ordubad şəhərində Yusif Məmmədəliyev və İbrahim Əbilov küçələrinin kəsişməsində yerləşən şəhid Babayev Rahim Vaqif oğlunun yaşayış evlərinə gedən daxili yollara asfalt örtüyü salınıb, hamarlama və digər abadlıq işləri görülüb. Qeyd olunan istiqamətlərdə işlər yekunlaşdıqdan sonra rayonun digər ərazilərində də eyni motivli iş fəaliyyəti ardıcıl olaraq davam etdiriləcəkdir.