Mayın 17-də Ordubad rayonunun Dırnıs kəndində şəhid Həsənov Fariz Sabir oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir şəhidin dəfn olunduğu kənd qəbiristanlığında təşkil olunub.
Qeyd edək ki, Fariz Həsənov 1992-ci il mayın 18-də Sədərək döyüş bölgəsində qəhrəmancasına şəhadətə yüksəlib. Anım mərasimində Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Rayon Polis Şöbəsinin əməkdaşları, kənd sakinləri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhid Fariz Həsənovun döyüş yolundan, onun göstərdiyi igidlikdən bəhs edərək, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin daim xalqımızın yaddaşında yaşayacağını bildiriblər. Şəhidin ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.
Sonda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.