Şəhid İbrahimov Əşrəf İbrahim oğlu və şəhid Nəsibov Vüqar Şəmil oğlunun xatirəsi ehtiramla yad edilib

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızın əziz xatirəsi daim ehtiramla anılır. Belə qəhrəmanlardan olan şəhid İbrahimov Əşrəf İbrahim oğlu və şəhid Nəsibov Vüqar Şəmil oğlunun anım günü ilə əlaqədar Ordubad şəhərində tədbir keçirilib. Anım mərasimi şəhidlərimizin uyuduğu Ordubad şəhər Şəhidlər Xiyabanında baş tutub. Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Mərasimdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, İcra Hakimiyyətinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin nümayəndələri, rayon Polis şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidlərin yaxınları, məktəb kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər

Çıxış edənlər Əşrəf İbrahimovun və Vüqar Nəsibovun keçdikləri şərəfli döyüş yolundan, göstərdikləri igidlik və vətənpərvərlik nümunələrindən danışıblar. Bildirilib ki, onlar torpaqlarımızın azadlığı uğrunda həyatlarını fəda edərək gənclərimiz üçün qəhrəmanlıq simvoluna, vətən sevgisinin zirvəsinə çevriliblər. Çıxışlarda şəhidlərin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlığın heç zaman unudulmayacağı, onların əziz xatirəsinin daim uca tutulacağı xüsusi vurğulanıb.

Tədbirdə şəhidlərimizin yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.