Avqustun 21-dən başlayaraq “YAŞAT” Fondunun təşkilatçılığı, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tərəfdaşlığı, “Nar”ın sponsorluğu ilə Naxçıvanda şəhid övladları üçün “Yay düşərgə”si keçirilir. Düşərgə iştirakçılarının bu dəfəki səfəri Ordubad rayonuna olub.
Avqustun 24-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli düşərgədə iştirak edən Azərbaycan və Türkiyədən olan şəhid övladları ilə görüşüb. Dübəndi İstirahət Mərkəzində təşkil olunan çay süfrəsi arxasında icra başçısı şəhid övladları ilə səmimi söhbət edib, qəhrəman Vətən oğullarının keçdiyi döyüş yolundan danışıb.
Daha sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn düşərgə iştirakçılarına bildirilib ki, muzey XVII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində - Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir. Qeyd edilib ki, muzeyin fondunda 3700 eksponat toplanıb ki, onun da 1100-ü ekspozisiyada nümayiş olunur.
Akademik Yusif Məmmədəliyevin ev-muzeyi ilə tanışlıq şəhid övladlarında böyük maraq doğurub. Bildirilib ki, alimin ev-muzeyi 1975-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 28 fevral tarixli Sərəncamına əsasən, ölkəmizdə Yusif Məmmədəliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, görkəmli alimin Ordubaddakı ev-muzeyində yenidənqurma işləri aparılıb. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-dən artıq eksponat saxlanılır. Vurğulanıb ki, Azərbaycanın kimyaçı alimi Yusif Məmmədəliyevin fundamental ixtirası ilə yüksəkoktanlı aviasiya benzinin istehsalına nail olunub ki, bu da II Dünya müharibəsində qələbənin qazanılması üçün həlledici rol oynayıb.
Ordubad rayonunun qədim “Sərşəhər” məhəlləsini gəzən “Yay düşərgəsi”nin iştirakçılarına buradakı çinar, bulaq, məscid və adət-ənənələr barədə məlumat verilib. Qeyd olunub ki, "Sərşəhər Məscidi" XVIII əsrə aiddir. Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb və yaxın gələcəkdə tarix-memarlıq abidəsi bərpa ediləcək.
Naxçıvanı ölkənin digər bölgəsiylə birləşdirən Zəngəzur dəhlizinin əsas giriş nöqtələrindən sayılan Ordubad rayonunun Kotam kəndi ərazisinə gedən şəhid övladlarına rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli qazanılan tarixi zəfərdən, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpasından sonra regionda yaranan yeni reallıqlar barədə məlumat verib.
Sonra şəhid övladları Ordubad rayonunun Dizə kəndində fəaliyyət göstərən "Su səsi" ailəvi istirahət mərkəzində nahar edib, mənalı istirahət vaxtı keçiriblər.